Şimali Koreyanın Rusiyaya dəstək üçün qoşun göndərməsindən sonra Cənubi Koreya Ukraynaya hərbi və kəşfiyyat personalı göndərə bilər. Bu barədə Cənubi Koreya mətbuatı yazıb. Media Cənubi Koreyanın kəşfiyyat rəsmisinə istinadən bildirib ki, Koreya Respublikasının hökuməti və ordusu kəşfiyyat zabitləri və düşmən taktikası üzrə ekspertlər daxil olmaqla, müvafiq sayda şəxsi heyətin göndərilməsi planını nəzərdən keçirir. Bildirilir ki, Şimali Koreya əsgərləri Ukrayna qüvvələri tərəfindən əsir götürülərsə, Ukraynadakı Cənubi Koreya personalı dindirmə aparacaq və ya tərcümə xidmətləri göstərəcək. Onlar həmçinin Kiyevə Şimali Koreyanın hərbi taktikası, doktrinası və əməliyyatları barədə məlumat verəcəklər.
Hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a söyləyib ki, Cənubi Koreya öz açıqlamasında məqsədlərini müəyyən dərəcədə bildirib:
“Amma düşünürəm ki, Cənubi Koreyanın bütün məqsədləri bundan ibarət deyil. Cənubi Koreyanın əsas məqsədlərindən biri Şimali Koreya əsgərlərinin əsir düşəcəyi təqdirdə dindirilmələrdə iştirak etməklə hərbi kəşfiyyat məlumatları toplamaqdan ibarətdir. Çünki Şimali Koreya ümumiyyətlə, bütün ölkələr hərbi sahədə olan dövlət sirlərini maksimum şəkildə gizlədirlər. Ona görə də rəqib dövlətlər həmin ölkənin ordu və hərbi-texniki potensialı barədə məlumatlar əldə edə bilmirlər. Yəqin ki, Cənubi Koreya tərəfi Ukraynada özləri üçün kəşfiyyat məlumatları toplamaqla Şimali Koreyanın hərbi-texniki və canlı qüvvə baxımından potensialını dəyərləndirməyə çalışacaq. Çünki yarımadada münaqişə risqi getdikcə artır. Şimali Koreyanın Ukraynada Rusiya ordusuna dəstək göstərməyə başlaması müharibənin miqyasının artmasıyla bərabər, digər tərəfdən qlobal səviyyədə yeni müharibə ocaqlarının da yaranmasına səbəbdir. Həmin təhlükəli zonalardan biri də Koreya yarımadasıdır. Belə olan halda təkcə Koreya xalqı iki dövlət olaraq üz-üzə gəlməyəcək, həmçinin qlobal rəqabət mühitində təmsil olunan dövlətlər qarşılaşacaq. Cənubi Koreyada buna hazırlıq məqsədilə Şimali Koreya ordusunun hərbi-texniki potensialını öyrənmək istəyir”.