Ermənistan dünyanın reallıqlarını dərk edə bilmir, arzu və istəklərlə hərəkət edir. Bunu erməni politoloq Armen Baqdasaryan deyib. O bildirib ki, cəmiyyətimiz Ermənistan-Rusiya, Ermənistan-Qərb, hətta Ermənistan-Türkiyə münasibətlərinə yanaşmada daha çox emosiyaları, emosional hisləri rəhbər tutur, konkret faktları nəzərə almır. İnsanlarımızın əksəriyyəti daşlaşmış miflərə, stereotiplərə və təbliğata asanlıqla təslim olur. Uzun müddətdir gördüyümüz budur ki, həm Rusiya, həm də Qərb təbliğat mediası bizim cəmiyyətlə fəal işləyir və bu, öz bəhrəsini verir. Baqdasaryan hesab edir ki, erməni cəmiyyəti beynəlxalq münasibətlər və geosiyasi gəlişmələri doğru qiymətləndirə bilmir. Politoloq Ermənistanın Avropa Birliyinə üzvlük məqsədinin də reallığa söykənmədiyini söyləyib. Qeyd edib ki, Ermənistan konkret reallıqlar yox, istək və arzularla hərəkət edir. Buna görə də, ölkədə Avropaya can atanların sayı kifayət qədər böyükdür. Əgər bunun bədəli aydın olsaydı və təhlükəsizlik riskləri olmasaydı, əminəm ki, Ermənistan əhalisinin 90 faizindən çoxu Qərbə getməyin tərəfdarı olardı. AB-yə üzvlük qeyri-müəyyən perspektivə malikdir, praktiki olaraq bu ehtimal sıfıra yaxındır. Ermənistan hakimiyyətinin 6 illik siyasi təcrübəsi göstərir ki, öz qeyri-real istəklərində kifayət qədər israrlıdır. Hakimiyyət inadla Qərb yolu ilə davam edəcək. Hansısa durumdan asılı olaraq, bəzən prosesi dayandırırlar, amma istənilən halda Paşinyan hakimiyyəti öz yanaşmalarından əl çəkməyəcək.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov “Sherg.az”a söyləyib ki, erməni politoloq Armen Baqdasaryan realllğı ehtiva edən fikirlər səsləndirib:
“Bu gün doğurdan da Ermənistanın siyasi instutlarıyla erməni cəmiyyəti arasında böyük qopmalar mövcuddur. Sözügedən məsələ təkcə Ermənistan hakimiyyətiylə deyil, eyni zamanda rəsmi İrəvan ictimai-siyasi həyatında təmsil olunan bütün hərakatlar və partiyaların erməni cəmiyyətiylə arasında ciddi çöküş yaşanır. Faktiki olaraq bu Ermənistan cəmiyyətinin dövlətə olan inam və etimadını yoxa çıxardır. Bütün bunların hamısı erməni cəmiyyətində ümidsizliyə və aqressiv ambisiyalara səbəb olur. Ermənistan cəmiyyətindəki ideoloji boşluq, dövlətçiliyin olmaması müxtəlif xarici güc faktorlarının cəmiyyət içərisəndə ideoloji iş aparmasına gətirib çıxarır. Belə olan halda Rusiya və Qərb təbliğat mediası Ermənistan daxilində çox fəal şəkildə öz təsir rıçaqlarından istifadə etməyə səy göstərirlər. Qərb özünün ideoloji maraqlarını Ermənistana həyata keçirməyə cəhd edir. Eyni zamanda hələ də Rusiyanın güclü təsiri altında olan Ermənistanda vətəndaş cəmiyyətləri və media mövcuddur. Bütün bunlar isə erməni cəmiyyətinin ağlasığmaz təxəyyüllərə sürüklənməsinə səbəb olur. Ermənistan cəmiyyətində keçirilən rəy sorğuları da göstərir ki, xalqın bütövlükdə Ermənistandakı dövlət idarəetməsinə və ayrı-ayrı siyasi instutlara inam sıfırın altındadır”.