İndiki şəraitdə Rusiya ilə ABŞ arasında birbaşa toqquşma riskini qiymətləndirməmək olmaz. Bunu Serbiyanın “Politika” qəzetinə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
Politoloq Turan Rzayev “Sherg.az”a bildirib ki, Rusiya və Amerika Birləşmiş Ştatları arasında birbaşa toqquşmanın olma ehtimalı çox azdır:
“Onlar İki nüvə ölkəsi və iki əzəli rəqibdirlər. Real müharibə ssenarisini ötən əsrin 60-cı illərində Karib böhranında gördük. İki ölkənin donanması üz-üzə gəlmişdi, hətta nüvə silahları belə işə keçə bilərdi. SSRİ ilə ABŞ arasında sözügedən səviyyədə toqquşma olmayıbsa, Rusiya ilə də Amerika arasınsa baş tutmayacaq. Nəzərə almaq lazımdır ki, ABŞ və Rusiya arasında birbaşa toqquşma qlobal miqyaslı fəlakətlərə gətirib çıxarar. İki ölkə nə qədər rəqib sayılsa da, məsələn, Amerikanın məqsədi heç vaxt Rusiyanı məhv etmək olmayıb. Çünki Amerika Birləşmiş Ştatları başa düşür ki, Rusiyanı sıradan çıxarmaq Avropanın nəzarətdən çıxması deməkdir. Yəni ABŞ-nin Avropanı təsirində saxlaması üçün hər zaman dəyənəyə ehtiyacı var. Yəni Rusiyanın zəiflədilməsi ilə tamamilə parçalanması fərqli məsələlərdir. 90-cı illərdə Rusiyanın Avropa İttifaqı və NATO-ya üzvlüklə bağlı müraciətləri də mövcud idi. Amma həmin müraciətlər qəbul edilmədi, çünki NATO Rusiyaya qarşı yaradılan bir təşkilatdır. Əgər Rusiya olmasa, NATO-nun mövcudluğunun da əhəmiyyəti olmazdı. Belə olan halda Sergey Ryabkovun dediyi kimi bir toqquşmanın baş verməsi mümkün deyil. Digər tərəfdən isə tərəflər müxtəlif regionlarda onsuz da maraqları üzərində mübarizə aparırlar. Sözügedən müharibələr isə kölgə savaşları sayılır. Amerika müəyyən mənada istəklərinə çataraq Rusiyanı Ukrayna bataqlığına salıb. Amma birbaşa toqquşmaya girərək öz iqtisadiyyatını təhlükəyə atmaz”.