Təl-Əvivə düşünülmüş cavab zərbəsi endiriləcək. Bu barədə İran Prezidenti Məsud Pezeşkian X sosial şəbəkəsində paylaşım edib. Pezeşkian söyləyib ki, düşmənlər İran xalqının qorxmadan öz torpaqlarını müdafiə etmək üçün ayağa qalxacağını bilməlidirlər. İranın istənilən cavabı balanslı və düşünülmüş olacaq.
Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan “Sherg.az”a bildirib ki, İran rəsmilərin açıqlamalarından belə qənaətə gəlmək olar ki, Tehran hakimiyyəti İsrailə cavab zərbəsi endirəcək:
“Ancaq həmin zərbələrin forması hesab edirəm ki, İran tərəfindən araşdırılıb. Çünki İranın Ali Rəhbəri Əli Xamenei yaydığı açıqlamada söyləyib ki, “İsrailin hücumunu nə böyütmək, nə də kiçiltmək lazımdır. Həmin hücumlar zamanı buraxılan səhvlərdən yararlanmaq və daha fərqli formada cavab zərbəsi endirməliyik”. Xamenei ümumi qurumlara bununla bağlı tapşırıq da verib. İran prezidenti Məsud Pezeşkian və SEPAH rəhbərləri İsrailə zərbələrin nə vaxt endiriləcəyini açıqlamasalar da, hücumların misli olmayan şəkildə həyata keçiriləcəyini bildirirlər. Fikrimcə, Məsud Pezeşkianın X hesabında yaydığı paylaşım da cavab tədbirlərinin görüləcəyinin təsdiqləyən ismarıcdır”.