Maya Sandu seçkilərdən sonra hökumətdə dəyişiklik edəcək

Moldova Prezidenti Maya Sandu dörd il hakimiyyətdə olduğu müddətdə çoxlu səhvlərə yol verildiyini etiraf edib və seçkilərdə qalib gələcəyi təqdirdə hakim Fəaliyyət və Həmrəylik Partiyasının yaratdığı hökumətdə dəyişiklik edəcəyinə söz verib.

“Report” xəbər verir ki, bu barədə Sandu “Moldova-1” telekanalında çıxışı zamanı deyib.

“Yaxşı niyyətimiz olsa da, çoxlu səhvlər etdik. Hesab edirəm ki, hökumət komandasında dəyişikliklərə ehtiyacımız var, bu, ilin sonuna qədər baş verməlidir”, - Sandu bildirib.

Oktyabrın 20-də keçirilən səsvermənin nəticələrinə görə, 42,49 faiz səs toplayan Sandu və 25,95 faiz səslə keçmiş baş prokuror Aleksandr Stoyanoqlo seçkilərin ikinci turuna çıxıb.

Moldovada seçkilər enerji qiymətlərinin artması və müxalifətin etirazları nəticəsində yaranan iqtisadi böhran fonunda keçirilir. Müxtəlif partiyaların onlarla fəalı həbs edilib, 14 telekanalın yayımı dayandırılıb, müxalifətə efir vaxtı verən onlarla informasiya portalı bağlanıb.