Şəxsiyyət vəsiqəsinin surətinin tələb edilməsi qadağan olunmalıdır

Bununla bağlı qanunvericiliyə müvafiq əlavənin edilməsi faydalı olardı


  Bir müddət öncə qanunvericilikdə çox əhəmiyyətli dəyişikliklər olub. Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, nikah və ölüm haqqında şəhadətnamənin rəqəmsal versiyalarının da hüquqi statusu təsdiqlənib.
  Bu sözləri “Sherg.az"a açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz  deyib. 
Onun sözlərinə görə, əgər vətəndaş myGov vasitəsilə şəxsi və digər məlumatlarını təqdim edirsə, bu artıq sadə bir məlumat deyil, rəqəmsal bir sənəddir: “Buna baxmayaraq, yenə də bəzi yerlərdə fiziki şəxsiyyət vəsiqələrinin və digər sənədlərin surətləri tələb edilir, yaxud da bəzi  qurumlar heç lazım olmasa da belə sənədlərin surətlərini çıxarıb saxlayırlar.
Bəzi dövlət qurumları isə hələ də inzibati binaya  girişdə fiziki şəxsiyyət vəsiqəsi tələb edirlər, hətta bəziləri vətəndaş binanı tərk edincə fiziki vəsiqələrini özlərində saxlayırlar. Bütün bunlar isə yolverilməzdir.
Düşünürəm ki, yuxarıda adıçəkilən dəyişiklikdən sonra ölkədə rəqəmsal transformasiyanın sürətlənməsi və  fərdi məlumatların təhlükəsizliyinin qorunması üçün şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə və nikah şəhadətnaməsinin surətlərinin tələb edilməsi, ümumiyyətlə, qadağan olunmalıdır. 
Bununla bağlı qanunvericiliyə müvafiq əlavənin edilməsi faydalı olardı”.