ABŞ hakimiyyət orqanları prezident seçkilərini işıqlandırmaq üçün Amerikaya gedən rusiyalı jurnalistlərin hava limanında saxlanması barədə Rusiyanın Vaşinqtondakı səfirliyinə məlumat verməyib. “İzvestiya” nəşrinin operatorunun vizası “inzibati səbəblərə” görə ləğv edilib.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, təqribən bir gün əvvəl, ABŞ vaxtı ilə oktyabrın 29-na keçən gecə “İzvestiya”dan olan rusiyalı müxbirlər prezident seçkilərini işıqlandırmaq üçün ABŞ-a gedib:
“Onlar ora sənədlərini tam qaydasına salıb gediblər. Məqsədlərini də bəyan ediblər ki, seçkiləri işıqlandıran jurnalist kimi işləmək istəyirlər və bütün prosedurlardan keçiblər. Onlar viza, icazə sənədi - bütün sənədlər paketini götürüb ABŞ-a yollanıblar. Orada onları hava limanında qarşılayıb, saxlayıb və sorğu-sual ediblər. Dindirilmə saatlarla davam edib. Və sonra qrup operatoruna sərhədi keçmək icazəsi verilməyib. Onun giriş vizası “inzibati səbəblərə” görə ləğv edilib. Bunun nə demək olduğu aydın deyil. Üstəlik, bütün bunlar baş verərkən Amerika administrasiyası Rusiya vətəndaşlarının saxlanması barədə nə rus diplomatlara, nə də Rusiyanın Vaşinqtondakı səfirliyinə məlumat verib”.