Parlamentari: Sahibkarlar sərmayə qoyuluşunda çox aktivdir

İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"


Qarabağ və Şərqi Zəngəzur artıq növbəti dövrdə Azərbaycan iqtisadiyyatının yeni drayverinə çevriləcək


  Tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Günümüzün əsas hədəflərindən biri Böyük Qayıdış Proqramının icrasını uğurla başa çatdırmaq, soydaşlarımızın bu torpaqlarda yüksək yaşayışını təmin etməkdir. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamına əsasən qeyd etdiyimiz günlər bir hesabat xarakteri daşıyır. Ötən dövr ərzində bu torpaqlarda görülən işlərə və qarşıda dayanan hədəflərə bir daha diqqət yönəldilir. Böyük Qayıdış Proqramı və onun uğurlu icrası keçmiş məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıdışını daha da sürətləndirir. Qayıdış ünvanlarının sayı artır. İşlərin sistemliliyini təmin etmək üçün şəhərlərin Baş planları təqdim edilir. Atılan hər bir addım Böyük Qayıdışın davamlı olacağına inamı daha da artırır. Soydaşlarımız, o cümlədən qubadlılar öz yurd-yuvalarına qayıdacaqları günü gözləyirlər. 2026-cı ilin sonuna qədər azad olunmuş ərazilərdə 140 min sakin məskunlaşacaq. 2025-ci ildə Böyük Qayıdış prosesi çox aktiv şəkildə həyata keçiriləcək. Bu səbəbdən ərazilərin minalardan təmizlənməsi çox vacib məsələdir. Azərbaycan ərazilərində 1.5 milyona yaxın mina basdırılıb. Təkcə mənim Milli Məclisdə təmsil etdiyim Füzuli rayonunda minaların sayı 80 minə yaxındır. Bu problem əhalinin həyatı, yaşayışı üçün ciddi təhlükədir. Bütün əngəllərə rəğmən, Böyük Qayıdış sürətlə həyata keçirilir. 
  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ağdam şəhərinin daxili yollarının tikintisini sürətlə və keyfiyyətlə icra edir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təsdiq etdiyi Ağdam şəhərinin Baş planına əsasən şəhərin daxili yollarının ümumi uzunluğu 189,7 kilometrdir. Şəhərin daxili yol-kommunikasiya şəbəkəsinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Ağdam şəhərinin daxili yollarının 6 tip en kəsiyinə uyğun tikilməsi nəzərdə tutulub. Hər bir tip en kəsiyinin əhəmiyyətinə uyğun olaraq, hərəkət zolaqlarının sayı 2-8 ədəd, yaşıllıq zolağının eni 1,5-3 metr, velosiped zolağının eni 1,5 metr, piyada zolağının eni isə 4-6 metr təşkil edir. Layihə üzrə magistral şəhər yollarının uzunluğu 17,5 kilometrdir. Eni 55-60 metr təşkil edəcək bu yollar 6-8 hərəkət zolağından ibarət olacaq. Ümumşəhər əhəmiyyətli yolların uzunluğu 50, yerli əhəmiyyətli yolların ümumi uzunluğu isə 122,2 kilometr təşkil edəcək. Hazırda tikinti işləri birinci mərhələdə uzunluğu 58,7 kilometr təşkil edən hissə üzrə aparılır. Bu çərçivədə hazırda sözügedən hissədə torpaq yatağı və yol əsasının inşası işləri həyata keçirilir. Yol əsası hazır olan hissələr asfalt-beton örtüyünün döşənməsi işlərinə start verilib. Bundan başqa küçələr boyu Ağdam şəhərinin kommunikasiya xətlərinin (su, kanalizasiya, yağış suları boruları, qaz, rabitə və elektrik xətləri) tikintisi işləri də icra olunur. "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq Ağdam şəhərinin daxili yollarının tikintisi 2026-cı ildə başa çatdırılması nəzərdə tutulur. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) üç yeni minaaxtaran it təqdim olunub. Qarabağ Dirçəliş Fondunun rəhbəri Rəhman Hacıyev jurnalistlərə açıqlamasında deyib ki, itlərin quruma təqdimatı mərasimində həmçinin mina təhlükəsi ilə bağlı maarifləndirmə də aparılacaq: "Tədbirin məqsədi həm də işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış üçün təhlükəsizliyin təmin edilməsi istiqamətində aparılan işlərin ictimaiyyətə təmin olunmasıdır. Böyük Qayıdışın təhlükəsizlik olmadan təmin edilməsi mümkün deyil. Ona görə də ANAMA-nın bu istiqamətdə həyata keçirdiyi minatəmizləmə əməliyyatlarına dəstək göstəriləcək". R.Hacıyev bildirib ki, bu təşəbbüsün davamlı olacağına inanır: "Ümid edirəm ki, ölkəmizdə fəaliyyət göstərən digər şirkətlər də bu prosesə qoşulacaqlar. ANAMA-ya daha çox minaaxtaran itlərin alınması və ümumilikdə maddi-texniki təminatın gücləndirilməsində dəstək vacib məsələdir". 

  Millət vəkili Vüqar Bayramov "Sherg.az"a açıqlamasında deyib ki, ötən 4 ildə məskunlaşma prosesi və bütövlükdə Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması intensiv şəkildə həyata keçirildi. Deputatın sözlərinə görə, artıq Qarabağ və Şərqi Zəngəzurda vətəndaşlarımızın məskunlaşması, keçmiş məcburi köçkünlərin geri qayıtması müşahidə olunur: 
"Yalnız bu müddətdə Qarabağ və Şərqi Zəngəzurun qurulmasına 10 milyard dollardan artıq vəsait ayrıldı. Təbii ki, Azərbaycan bu prosesi öz daxili imkanları hesabına həyata keçirir. Hər hansı xarici dəstək olmadan Qarabağ, Şərqi Zəngəzur yenidən qurulur. Keçmiş məcburi köçkünlərin geri qayıdışı təmin olunur. Ötən müddətdə Şuşada, Füzulidə, Zəngilanda, Laçında, Cəbrayılda və digər bölgələrimizdə məskunlaşmanı müşahidə etdik. Artıq Füzulidə 3 mindən artıq vətəndaşımız məskunlaşıb. Eyni zamanda ötən 4 ildə qurulan infrastruktur və inşa edilən evlər, binalar, xüsusən 2025-ci  il üçün intensiv məskunlaşmağa imkan yaradacaq. Ağdam daxil olmaqla digər işğaldan azad olunmuş bölgələrimizdə 2025-ci ildə intensiv şəkildə keçmiş məcburi köçkünlərin geri qayıdacağı gözlənilir. Bu o deməkdir ki, Azərbaycan daha qısa zamanda işğaldan azad olunmuş ərazilərimizin kütləvi və intensiv məskunlaşmasının həyata keçirilməsini reallaşdıracaq. Bu, təbii ki, Azərbaycanın gücü və siyasi iradənin nəticəsidir". 

  Parlament üzvü əlavə edib ki, xeyli sayda Qarabağda sərmayə qoyuluşu ilə bağlı müraciət edən şirkətlər var: 
"Sahibkarlar çox aktiv şəkildə işğaldan azad olunmuş ərazilərimizə sərmayə qoyuluşu həyata keçirməyə, iqtisadiyyatın formalaşmasına töhfə verməyə çalışır. Bu istiqamətdə proses intensiv şəkildə aparılacaq və biz qısa zamanda Qarabağ iqtisadiyyatının formalaşması və reinteqrasiyasını müşahidə edəcəyik. İlkin gözləntilər və proqnozlar təsdiq edir ki, bütövlükdə işğaldan azad olunmuş ərazilərimizdə təxminən Azərbaycan iqtisadiyyatının 10 faiz həcmində yeni dəyər yaradılacaq. Bu, praktik olaraq 10 milyard manata yaxın yeni dəyərin Qarabağ və Şərqi Zəngəzurda yaradılması anlamına gəlir. Ona görə də Qarabağ və Şərqi Zəngəzur artıq növbəti dövrdə Azərbaycan iqtisadiyyatının yeni drayverinə çevriləcək".