Psixoloq: “Tək Azərbaycan deyil, dünya aqressiya içərisindədir”

Azad İsazadə: “Sadə, sivil vətəndaş görəndə ki, bütün dünyada dövlətlər aqressivləşib, onlar məsələləri aqressiya ilə həll edirlər”

“Hansısa bir dövlət bombalaya, öldürə bilirsə, bu, normal davranış kimi qəbul olunur”


   “Azərbaycan cəmiyyətində aqressiyanın yüksək olması hər zaman müzakirə edilir. Bunun qarşısını almaq üçün ən müxtəlif yollar göstərilir, təkliflər irəli sürülür. Təkcə ictimai-siyasi həyatda deyil, bir çox insanlar ictimai, məişət davranışlarında da aqressiya nümayiş etdirir.
İnsanlar öz aqressiyalarını müxtəlif şəkildə büruzə verirlər. Cəmiyyət o qədər aqressivləşib ki, insanlar hətta bir-birindən söz soruşmağa ehtiyat edir”.

Kulis.az saytının baş redaktoru Ulucay Akif  cəmiyyətdə hökm sürən aqressiya və gərginliklə bağlı narahatlığını bölüşüb: “Azərbaycanda xidmət sahələri biabırçı vəziyyətdədir. Taksiyə minirsən, qorxursan ki, durduq yerə nəsə olacaq, sürücü səni döyəcək, mağazaya girirsən, qorxursan ki, nəsə olacaq, satıcı səni söyəcək,
restoranda ofisiantdan nəsə istəməyə qorxursan ki, əlindəki padnosu çırpacaq başına... Belə yaşayırsan Azərbaycanda.
Xəstəxanada həkimə nəsə deməyə qorxursan, hansısa şirkətdə resepşndan nəsə soruşmağa çəkinirsən... Hamı gərgindi, hamı əsəbidi.
Küçədə "semiçka" satan xala da, dilənən qaqaş da hər an nəsə eləyə bilər sənə.
Siz də məni bağışlayın, ölkədə kişili-qadınlı hamı aybaşı olub elə bil. 
Bir həftəyə də keçmir e. Bir ömür belə davam edir.
Çox uzağa getmirəm, adicə hamımızın getdiyi, gördüyü Türkiyədə necədi vəziyyət? Xidmət sahəsini deyirəm. Hamı "efendim" deyə-deyə başına fırlanır. Adam özünü, doğrudan, əfəndi kimi hiss edir.
Yoxsa bizdə?
Taksi sürücüsü sənə əmr edir, deyir, ora sürə bilmərəm, burda düş, xoşuna gəlmir dur bas bayıra maşından...
Satıcı deyir ki, almırsansa, rədd ol mağazamdan...
Ofisianta deyirsən, çörək boyatdı, deyir, bizdə belədi, xoşuna gəlmir sürüş kafemizdən...”.

  Cəmiyyətin aqressivləşmə səbəbini şərh edən psixoloq Azad İsazadə “Sherg.az"a açıqlamasında deyib ki, problem təkcə Azərbaycan cəmiyyətində deyil.  Bütün dünya qaynayır: 
“Bu hansısa qlobal, sosial bir dalğadır. Gec-tez sönəcək. Amma bu gün bütün dünya aqressiya içərisindədir. Silahlı konfliktlər yaşanır. Sadə, sivil vətəndaş görəndə ki, bütün dünyada dövlətlər aqressivləşib, onlar məsələləri aqressiya ilə həll edirlər, bu vəziyyət insanda şüuraltı belə bir fikir formalaşdırır: yəqin aqressiv davranış daha adekvatdır. Üstəgəl, telekanallar və internetdən alınan informasiyalar da gərginliyin artmasına səbəb ola bilir. Gün ərzində neqativ məlumatlar alırıq. Ona görə də aqressiv davranış bir norma kimi qəbul olunur. Hansısa bir dövlət bombalaya, öldürə bilirsə, bu, normal davranış kimi qəbul olunur. Buna oxşar aqressiya ötən əsrin 30-cu illərində müşahidə olunub. Daxili və qlobal proseslər aqressiyanı gücləndirir. O aqressiyanı harasa tökmək üçün yerlər azdır. Gündəlik həyatda maşın idarə edərkən qarşılaşdığınız maneələr, iş yoldaşlarınızla fikir ayrılıqları və s. aqressiyaya təkan verə bilər. Biz daha çox işdə yığılan aqressiyanı ailədə, ictimai nəqliyyatda, məhəllədə boşalda bilirik. Ona görə vəziyyət belədir”.
 
 Psixoloqun fikrincə, cəmiyyətdə psixoloji gərginliyin artmasında sosial şəbəkələrin də rolu böyükdür. Bunun özü də imkan verir ki, küçədə, işdə aqressiya göstərə bilməyənlər, hiddətlərini sosial şəbəkəyə tökürlər. Bu da təbii prosesdir. Sosial şəbəkə bir reallıqdır. Biz ondan qaça bilmərik. XXI əsrdə yaranmış şəraitə uyğunlaşmalıyıq. Son aylar isə sosial şəbəkələrə uyğunlaşma prosesi gedir.

  A.İsazadə aqressiyanın daha şiddətli formasına uşaqlıq və yeniyetməlik dövründə rast gəlindiyini vurğulayaraq, valideynləri bu mövzuda diqqətli olmağa çağırıb. O, insanlarda fiziki sağlamlıq qədər psixoloji sağlamlığın da vacibliyini vurğulayıb.