Analitik: Hizbullahda kimin rəhbər seçilməsi təşkilatın fəaliyyətinə ciddi təsir göstərməyəcək

Hizbullah sentyabr ayında Beyrutda hücum zamanı öldürülən Seyid Həsən Nəsrullahın yerinə Naim Qasımı baş katib seçib. Bu barədə “Yerusəlim Post” məlumat yayıb. Bildirilib ki, Naim Qasım oktyabrın əvvəlində İsrailin zərbələrindən ehtiyat edərək, Tehrana qaçmışdı. Qasım Nəsrullahın baş katibinin müavini vəzifəsində çalışıb.

Hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a söyləyib ki, Hizbullahda rəhbərlik məsələsi digər təşkilatlara görə daha fərqli cərayan edir:

“Əgər təkcə rəhbərlə təşkilatın taleyi həll edilsəydi, Həsən Nəsrullah öldürüldüyü zaman Hizbullah təslim olardı və müəyyən parçalanmalar baş verərdi. Amma biz bunların heç birinə şahidlik etmədik. Çünki Hizbullahın döyüş məntiqi və formalaşması da digər təşkilatlara baxanda müəyyən qədər fərqlənir. Hizbullah daha çox partizan müharibələriylə seçilir. Partizan döyüşləri üçün isə rəhbər heyətinin kimlər olması əhəmiyyətli deyil. Onların icra edəcəyi döyüş tapşırıqları və məqsədləri bəllidir. Ona görə də Hizbullahda kimin rəhbər seçilməsi təşkilatın gələcək fəaliyyəti və onun effektliyinə ciddi təsir göstərməyəcək. Amma istənilə halda sözügedən təşkilat rəhbərsiz də qala bilməzdi. Növbəti mərhələlərdə də yeni rəhbər öldürülərsə, Hizbullahın fəaliyyətində axsamalar yaratmasını gözləmək mümkün deyil. Hizbullah ətrafında toplaşan bütün terrorçular eyni məqsədlərdən çıxış edirlər”.