Aydın Sezer: Dövlətin Abdullah Öcalanla apardığı danışıqlar prosesinin təfərrüatları bilinmir

Türkiyənin DEM Partiyasından millət vəkili olan Ömər Öcalanın həbsxanada olan əmisi, PKK lideri Abdullah Öcalanla görüşünün təfərrüatı bəlli olub. 1 saat 45 dəqiqə davam edən görüşdə terrorçubaşı MHP lideri Dövlət Baxçalının təklifi ilə bağlı iki şərt irəli sürüb. Bunlar qarant dövlət və hüquqi təminatla bağlı məsələlərdir. Öcalan qarant dövlətlə bağlı hər hansı ölkənin adını qeyd etməyib. Qeyd edək ki, MHP lideri Dövlət Baxçalı TBMM-dəki çıxışında “Öcalanın təcrid olunması aradan qaldırılarsa, o, Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış etməli və terrora son qoyduğunu açıq şəkildə bəyan etməlidir” fikrini səsləndirmişdi. 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan MHP lideri Dövlət Baxçalının PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalanın parlamentə gələrək PKK-nın buraxılmasını elan etməsinə dair təklifinə münasibət bildirib. Partiyasının iclasında çıxış edən Türkiyə dövlət başçısı Dövlət Bağçalının təklifini dəstəkləyib, bunu "tarixi fürsət" kimi dəyərləndirib. O bildirib ki, Dövlət bəy cəsarətli çıxışları ilə daima tarixə istiqamət verən bir liderdir. Türkiyə Prezidentinin sözlərinə görə, Cümhuriyyət hər hansı bir şəxsin, zümrənin, kütlənin, məzhəbin, etnik qrupun cümhuriyyəti deyil: “Bu cümhuriyyət türkün də, əlbəttə ki, kürdün də cümhuriyyətidir. Qeyd edək ki, Abdullah Öcalan 1999-cu ildə həbs edilib və terrorçuluq fəaliyyətinə görə ölüm cəzasına məhkum edilib. Bu hökm daha sonradan ömürlük həbs cəzası ilə əvəz olunub. Öcalan həbs cəzasını İmralı adasında təkadamlıq kamerada çəkir.

Türk siyasətçi və yazar Aydın Sezer “Sherg.az”a vurğulayıb ki, Öcalanın qarant dövlət və hüquqi müdafiə ilə bağlı açıqlama verdiyi bildirilmişdi:

“Lakin dünənki müxtəlif açıqlamalardan və Hürriyyət qəzetinin yazarı Əbdülkadir Selvinin köşə yazısından da anlaşıldığı kimi Abdulla Öcalanın zəmanət və qorunma ilə bağlı bir istəyinin olmadığı bildirildi. Proses şəffaf şəkildə getmədiyinə görə kimin nə dediyi və nə istədiyi müəyyən edilmir. Digər tərəfdən isə DEM Partiyasının iki gün əvvəl edilən bir şərhində, danışıqların bərabər şərtlərlə aparılacağını vurğulayaraq, Abdullah Öcalanın dərhal azad olunması bildirildi. Dövlətin Abdullah Öcalanla apardığı danışıqlar prosesinin təfərrüatlarını bilmədiyinə görə, nə media, nə də analitiklər prosesin nə yerdə inkişaf edəcəyini bilmirlər. Bəzi köşə yazarları isə prosesin başlamadan bitdiyini deyərkən  Mehmet Yılmaz kimi bir köşə yazarı prosesin davam etdiyini söyləyir”.