Analitik: Tramp və Harrisin son açıqlamarı amansız seçki mübarizəsindən xəbər verir

Amerika xalqı axmaqlar tərəfindən idarə olunan axmaqlar ölkəsi olmaqdan yorulub. Bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp deyib. O bildirib ki, siz axmaqlar ölkəsi olmaqdan yorulmusunuz. Biz axmaqların idarə etdiyi axmaqlar ölkəsinə çevrilmişik.  Tramp çıxışında Prezident Co Baydeni “axmaq əclaf” adlandırıb və onu ABŞ-ın inkişafına mane olmaqda ittiham edib.

“Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “Sherg.az”a bildirib ki,ABŞ-də prezident seçkilərinin yaxınlaşması ölkə cəmiyyətində gərginliyi maksimum səviyyədə artırıb:

“Hətta Donald Tramp və Kamala Harrisin son açıqlamarı amansız seçki mübarizəsinin olacağından xəbər verir. Bəzi məlumatlara görə iki tərəf arasında qüvvələr nisbəti də bərabərləşmək üzrədir. Ümumi götürdükdə isə prezident seçkilərinin ABŞ cəmiyyətini ciddi şəkildə parçaladığını düşünmək olar. ABŞ cəmiyyətindəki parçalanma eyni zamanda kifayət qədər dərin və barışmaz xarakter daşıyır. Ona görə də hər iki tərəfin biri-birini təhqir etməsi, öz tərəfdarlarını amansız savaşa cəlb etməsi o qədər də təəccüblü deyil. Prezident seçkiləri son nəticə olaraq dünya düzənində də aydınlaşma prosesinə yol aça bilər. Çünki Bayden administrasiyasının təmsilçisi olan Kamala Harris hakimiyyətdə qalmağa nail olarsa, ABŞ-nin yürütdütü xarici siyasət kursu eynilə davam edəcək. Bütün dünyada yeni münaqişə ocaqlarının yaradılması və müxtəlif savaşların törədilməsi ABŞ-nin xarici siyasətində əsas prioritet olaraq qalacaq. Donald Trampın hakimiyyətə gələcəyi təqdirdə isə dünyadakı bəzi münaqişə ocaqlarının, o cümlədən Ukrayna savaşının dayandırılma ehtimalı mövcuddur. Ona görə də hesab etmək olar ki, ABŞ seçkilərinin mövqeyindən asılı olaraq dünyada sülh və savaş proseslərindən hansının ön plana keçməsi aydınlaşa bilər. Əgər ABŞ cəmiyyətindəki qarşıdurma və prezidentliyə namizədlər arasındakı belə təhqirəramiz yanaşmalar davam edərsə, ölkə daxilində ixtişaşların baş verməsi və vətəndaş müharibəsinin olması qaçınılmaz deyil”.