İranın İsrailə hücumunu təxirə salmaq qərarı ilə bağlı xəbərlər fonunda islam respublikasının yüksək rütbəli hərbi komandirləri yenidən Yəhudi Dövlətini təhdid etməyə başlayıblar.
Bakupost.az -ın İran KİV-ə istinadən xəbərinə görə, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Hüseyn Səlami deyib ki, İran güclü zərbələrlə İsraildən qisas alacaq.
Eyni zamanda, onun müavini Əli Fədəvi deyib ki, “İslam inqilabı 45 ildən artıq tarixində heç bir şəri cavabsız qoymayıb və İran İsrailin hərəkətlərinə mütləq layiqli cavab verəcək”.
Noyabrın 13-də Sky News Arabia telekanalı İranın ABŞ prezident seçkilərində Trampın qələbəsindən sonra İsrailə hücumunu təxirə salmaq qərarına gəldiyini bildirib. Qeyd olunub ki, İslam Respublikasının bu qərarı “Tehranın Bağdad vasitəsilə aldığı xəbərdarlıq mesajından” sonra yeni seçilmiş prezidentlə danışıqlara başlanması ilə bağlıdır.
Hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az"a açıqlamasında bildirib ki, İran və İsrail arasında münasibətlər artıq düşmən müstəviyə keçib:
"Yəni iki dövləti bir-birinin düşməni adlandıra bilərik. Ancaq bu məsələnin göstərilən tərəfidir. Əslində hadisələri dərindən incələdikdə görürük ki, düşmənçilik belə olmur. Yəni, bir ölkənin digərinin suveren sərhədlərini pozub ona raket zərbələri endirməsi hətta, İsrail Tehran yaxınlığında Həmasın siyasi bürosunun rəhbəri İsmayıl Haniyəni raket zərbələri ilə öldürməsi maraqlı nüansdır. Bu artıq müharibə səbəbindən əlavə olaraq İranın dövlət olaraq nüfuzunun itirilməsi deməkdir. Tək çıxış yolu isə İsrailə qarşı müharibə elanı və ona layiqli cavab vermək idi. Ancaq əksinə, nə İsrail, nə də İran bir-birinə müharibə elan edir. Ona görə də burada iki nüans ön plana çıxır. Dolaşan şaiyələrə istinadən deyə bilərik ki, həqiqətən bu iki ölkə Yaxın Şərqdə öz maraqlarını təmin etmək üçün bir-birləri ilə razılaşıblar. Yəni düşmən imici formalaşdırmaqla bir-birinin əli ilə öz məqsədlərinə həyata keçirtməyə çalışırlar"
Analitik əlavə edib ki, ikinci real ehtimal isə İran-İsrail tərəfləri sahib olduqları hərbi-texniki və siyasi imkanları hələ də tam ölçə bilməməsidir:
"Bu səbəbdən faktiki müharibə elan etməkdən çəkinirlər. Hər bir halda İranın İsrailə qarşı cavab zərbələri Amerikadakı seçkilərin nəticəsindən asılı olacaq. Çünki İran tərəfi Amerika seçkilərini Donald Trampın qazandığını hesablayır. Tramp isə xarici siyasətində İran və Çini Amerikanın əsas düşməni hesab edir. Tehran bilir ki, yeni ilin yanvarından etibarən, onların həm İsrail, həm də Amerika ilə münasibətləri daha kritik olacaq. Nəticədə İran iki ölkəyə qarşı mübarizəsində böyük problemlərlə üzləşəcək. Ona görə də hazırda İsrailə zərbə endirib Tramp iqtidarını əsəbləşdirməməyə çalışırlar. İsrail isə müəyyən qədər rahatdır. Əgər seçkilərdə yenidən demokratlar qazansaydılar, bu günki Amerika siyasəti təkrar olunacaqdı. Yəni, demokrat iqtidarı Rusiyanı Amerikanın əsas düşməni elan edib. Bu səbəbdən antirusiya siyasəti onların əsas gündəliyi idi. Bütün bunları nəzərə alaraq bundan sonra İranın daha səbrli, təmkinli, münaqişədən yayınan tərəf kimi çıxış edəcəyini düşünürəm. Ancaq İsrail İrana qarşı daha sərt addımlar ata bilər".