Ermənistanda kadr islahatı: Paşinyan Azərbaycanın təcrübəsindən istifadə edir? -RƏY

Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə yüksək rütbəli məmurdan istefa verməsini istəməsi ilə bağlı mətbuatda yayılan xəbərləri təsdiqləyib.
O, bu barədə Feysbuk səhifəsində yazıb.
Paşinyan bildirib ki, hörmətli həmvətənlər, mətbuatda və sosial şəbəkələrdə gedən kütləvi müzakirələri nəzərə alaraq, nəzərinizə çatdırmağı zəruri hesab edirəm ki, bir sıra yüksək vəzifəli məmurun tutduqları vəzifələrdən uzaqlaşdırılmasını xahiş etmişəm. Belə bir müraciətin edilməsinin səbəbləri şəxsi deyil, açıq şəkildə söylədiyim kimi, sistemlidir. O, həmçinin əlavə edib ki, adları çəkilən məmurların dövlətçiliyin inkişafında xidmətlərini inkar edə bilməz və hər kəsə verdiyi töhfəyə və bu xahişi başa düşdüyünə görə təşəkkür edib. 
Qeyd edək ki, Ermənistanın infrastruktur naziri Qmel Sanosyan, Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan, daxili işlər naziri Vahe Kazaryan və İstintaq Komitəsinin rəhbəri Argişti Kərəmyan ötən gün istefa ərizəsi yazıb. Bu gün isə onlara Ermənistan Ali Məhkəmə Şurasının sədri də qoşulub.

Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a bildirib ki, Ermənistanda qeyri-adi heç nə baş vermir:

“Elə Nikol Paşinyanın açıqlaması da yerinə düşdü. Çünki həmin istefalar verildikcə ictimai rəydə fikir formalaşdırırdılar ki, Paşinyan hakimiyyəti dağılır və ətrafı ondan imtina edir. Ona görə də N.Paşinyan açıqlama verdi ki, həmin istefalar mənim istəyimlə olur. Bu isə müəyyən məsələlərdə istefa verən şəxslərin divara dirənməyindən xəbər verir. Yəni onlar Ermənistana göstərə biləcəkləri xidmətləri bura qədər ediblər və bundan sonrası onlarlıq deyil. Əslinə hesab edirəm ki, Paşinyan Azərbaycanın təcrübəsindən istifadə edir. 2019-cu ildə Azərbaycan hakimiyyətində də belə bir dəyişiklik baş vermişdi. Yəni bir çox köhnə stereotiplərdən qurtulmaq üçün kardların dəyişdirilməsinə başlanıldı. Bu isə bir çox sahələrdə öz töhvəsini göstərdi. Düşünürəm ki, Nikol Paşinyan da Azərbaycanın sözügedən təcrübəsini yaxından izləyib və nəticələri görüb. 2019-ci ildəki başlayan kadr dəyişikliklərindən sonra ll Qarabağ savaşı başladı və Azərbaycan müharibədən qalib çıxdı”.

Ekspert qeyd edib ki, hazırda ölkəmiz COP29 kimi çox nəhəng və nüfuzlu tədbirə ev sahibliyi edir:
“Azərbaycanın mövqeyləri getdikcə daha da möhkəmlənir. Nikol Paşinyan da köhnə kadrlarla yollarını ayırıb, yenilənmələrə getmək istəyir ki, ölkəsində dəyişikliklər baş versin. Amma bir şeyi unudurlar ki, onlar Azərbaycanın ayaqqabılarını geyinə bilərlər, amma yerişini yeriyə bilməzlər. Sadəcə kardlar dəyişməklə bütün problemlər həll olunmur. Bunun üçün həmin dövlətin iqtisadi, hərbi, siyasi qütrəti də olmalıdır. Ermənistanda isə bunların heç biri yoxdur. Buna görə də sözügedən kadr dəyişiklikləri Ermənistana yeni heç nə vəd etmir. Sadəcə yeni kadrlar Nikol Paşinyanı daha yaxşı dinləyib, Azərbaycan və Türkiyə ilə münasibətləri mümkün qədər tez düzəldilməsinə yardımçı ola bilərlər. Belə olan halda Ermənistan mövcud vəziyyətdən çıxma ehtimalı yüksəkdir. Fransa kimi təxribatçı dövlətin əsiri olaraq qalacaqlarsa, Ermənistan üçün heç nə dəyişməyəcək. Sıfırın üzərinə sıfər gələndə nəticə yenə sıfır olur”.