İranda ölkənin 85 yaşlı ali dini lideri Əli Xameneinin varisi ilə bağlı müzakirələr yenidən aktivləşib. Mövzunun geniş müzakirəsinə səbəb İran Ekspertlər Şurasının üzvü və İsfahanın cümə imamı Əbülhəsən Məhdəvinin Xameneinin istəyi və tapşırığı əsasında dini liderdən sonrakı dövr üçün 3 nəfərin namizədliyinin təsdiqləndiyi haqda açıqlamasıdır. İran Teleqram kanallarının məlumatına görə, Donald Trampın ABŞ-da prezident seçilməsindən sonra Xamenei Ekspertlər Şurasının üzvlərini bir araya toplayıb və İranın gələcək ali rəhbəri olacaq varis məsələsini müzakirə edib. 88 nəfərdən ibarət Ekspertlər Şurası önündə çıxışında Xamenei açıq şəkildə bildirib ki, gec-tez varis məsələsi gündəmə gəlməlidir və şura üzvləri bu barədə indidən düşünsələr yaxşıdır. O, cəmiyyəti də buna yavaş-yavaş hazırlamaq lazım olduğunu deyib. Seçilən 3 nəfərin kimliyi açıqlanmır. Ancaq iranlı ekspertlər Xameneinin ali rəhbər postuna varisi kimi oğlu Müctəbanı hazırladığını iddia edirlər. Qeyd edək ki, Müctəba Xamenei ilə İranın Prezidenti Məsud Pezeşkianın münasibətlərinin o qədər də isti olmadığı haqda mediada məlumatlar da yayılıb.
Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan “Sherg.az”a bildirib ki, İran konstitusiyasına əsasən, ali rəhbər Dini Ekspertlər Şurası tərəfindən seçilir:
“Dini Ekspertlər Şurası isə ümumxalq səsverməsi ilə müəyyən olunur. İndiki şura Ayətullah Seyid Əli Xameneinin adamlarından ibarətdir. Bu baxımdan, perspektivdə post-Xamenei dövründə Xameneinin varis elan edəcəyi şəxsi bu şura təsdiqləyə bilər. İndiki halda Əli Xamenei ölkədə avtoritetdir. Onu hakim komandadakı müxtəlif siyasi qruplar birləşdirici amil və qüvvə kimi qəbul edir. Eyni zamanda ordu və SEPAH da onu belə qəbullanırlar. O, heç bir təşkilatsız, siyasi qruplaşmasız təkbaşına bir avtoritetdir. Hakimiyyət xaricində müxtəlif dini liderlər, siyasi rəhbərlər Xameneini tənqid etsələr də, onunla birlikdə fəaliyyət də göstərirlər”.
Ekspert bildirib ki, Xameneinin varis məsələsi yeni hadisə deyil:
“Bu məsələ az qala 1989-cu ildən qüvvədədir. Vaxtilə Əli Əkbər Haşimi Rəfsəncani, Məhəmməd Xatəmi də bu vəzifəyə iddialı göstərilirdi. Nəzərə alsaq ki, Dini Ekspertlər Şurası Xameneinin tərəfdarlarından ibarətdir, o halda əgər Müctəba ayətullah səviyyəsinə qədər yüksələrsə, onun nəzəri olaraq Şura tərəfindən ali rəhbər postuna təyin olunması mümkündür. Amma qeyd etmək lazımdır ki, İranda hazırda Prezident Məsud Pezeşkiandır. Pezeşkian türkdür və onun da nüfuzundan istifadə etməklə, perspektivdə Müctəba Xameneinin ali rəhbər postuna gətirilməsi mümkündür. Ümumiyyətlə İranda Ali Rəhbərlik institutu indiki şəraitdə rejmin qalması, yaşaması üçün vacibdir”.