İran, “Hizbullah” və HƏMAS üçün isə ağır itki kimi başa düşülür
İsraillə “Hizbullah” arasında hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunub. Razılaşma dünən qüvvəyə minib. Razılaşmaya görə, İsrail ordusu Livan ərazisindən 60 gün müddətində çıxmalı, sərhəddəki 33 posta təxminən 5000 əsgər yerləşdirilməlidir. Bundan başqa, “Hizbullah” da Cənubi Livanı tərk etməli, buradakı hərbi infrastrukturu dağıdılmalıdır. Atəşkəsin pozulacağı təqdirdə İsrailin buna cavab vermək hüququ da tanınıb. Atəşkəs razılaşması əldə olunandan dərhal sonra hərbi əməliyyatlar səbəbindən evlərini tərk edən livanlılar kütləvi şəkildə geri qayıtmağa başlayıblar. HƏMAS da Hizbullah və İsrail arasında atəşkəsdən sonra Qəzza zolağında atəşi dayandırmağa hazır olduğunu açıqlayıb. ABŞ Prezidenti Co Bayden İsrail-Livan (Hizbullah) arasındakı atəşkəs razılaşması ilə bağlı açıqlamasında deyib ki, Qəzza ilə də bağlı atəşkəs üçün Türkiyə, Misir və Qətərlə birlikdə hərəkət edəcəklər: "Qarşıdakı günlərdə ABŞ, Türkiyə, Misir, Qətər və İsraillə birgə Qəzzada atəşkəs razılaşması üçün cəhd göstərəcəyik". İran da Livan (Hizbullah) və İsrail arasında atəşkəs razılaşmasını alqışlayıb.
Azərbaycan Xarici İşlər Nazirliyi də "X" platformasında paylaşım edərək İsrail və Livan arasında atəşkəsi təqdirəlayiq hesab edib. Azərbaycan XİN bu razılaşmanın hərbi əməliyyatlara son qoyacağını gözləyir. COP29 qlobal atəşkəsin təşəbbüskarı kimi Azərbaycan bütün tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırır.
Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a deyib ki, İsraillə "Hizbullah" arasındakı hərbi əməliyyatların daimi dayandırılması üçün nəzərdə tutulan atəşkəs sazişinin tərəfləri Livan və İsraildir. Ekspertin sözlərinə görə, "Hizbullah"ın atəşkəs üzrə bundan sonrakı fəaliyyətini təmin etmək məsuliyyətini Livan tərəfi daşıyır:
"Bu atəşkəs ilk baxışda Livan və İsrail üçün qələbə, İran, “Hizbullah” və HƏMAS üçün ağır itki kimi başa düşülür. Ancaq ABŞ, Fransa, İsrail və Livan “Hizbullah”la İranın qarşısını ala bilməsə, Tehran regionda uğursuzluq zəncirinin bir həlqəsini qırmış olacaq. İran uğursuzluqlarının davamının gəlməməsi və toparlanmaq üçün İsrailə dolayı yolla Yaxın Şərqdə “güzəştə getməyə” məcbur oldu. Bunun başqa bir səbəbi Qərblə İran arasındakı nüvə danışıqlarıdır. Yəqin ki, Tehran Qərb tərəfindən verilə biləcək güzəştlərin müqabilində İsraillə başqa cür, daha dəqiqi nisbətən loyal oynamaq imkanını nəzərdən keçirir. İranın “oyunu” perspektivdə özü üçün mühüm dəyişikliyə yol açmağa fokuslana bilər. Çünki İran 2025-ci ildən səlahiyyətlərinin icrasına başlayacaq Donald Trampın mümkün təcrid siyasətini və təzyiqlərini azaltmaq üçün fürsət axtarır. Şübhə yoxdur ki, İran “Hizbullah”ın atəşkəsə əməl etməsinə “kömək etmək” öhdəliyi göstərəcək. Bu, Tramp Administrasiyasının perspektiv təzyiqlərini azaltması üçün motivasiya ola bilər. Lakin hadisələrin səsi Suriyadan çıxmaqdadır, beləliklə, Suriyada bütün oyunlar pozula bilər".