Suriyada yenidən başlayan silahlı toqquşma vətəndaş müharibəsi deyil
“Suriyada Türkiyənin taktiki və strateji qələbə əldə etməsi mümkün görünür. ABŞ isə proseslərdən kənardadır”
İran, Türkiyə, Rusiya və Qətər xarici işlər nazirləri gələn həftə Dohada Suriya məsələsini müzakirə etmək üçün görüşəcəklər. Bu barədə İran xarici işlər naziri Abbas Əraqçi bildirib. Diplomat qeyd edib ki, Suriya üzrə danışıqların davam etdirilməsi barədə razılıq əldə olunub. Məlum olduğu kimi, Suriyada müxalif silahlı qüvvələr - "Həyat Təhrir əş-Şam" (HTŞ) Hələb şəhərini və İdlib vilayətini ələ keçiriblər. Qruplaşma Həma şəhərini də ələ keçirmək uğrunda Əsəd qüvvələri ilə vuruşur. Hücum nəticəsində Suriya ordusunun çoxlu sayda hərbçisinin öldürüldüyü bildirilir. Suriyanın Marat ən-Numan şəhəri də qiyamçıların nəzarəti altındadır. Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu (Suriya Milli Ordusu) isə PKK-ya qarşı hərəkətə başlayıb və illər sonra Tel-Rıfatı terrorçulardan geri alıb.
Suriyada ara qarışdı - ABŞ ordusu çıxarılır?
Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib ki, Vaşinqton Suriyada baş verənlərə görə ABŞ qüvvələrinin yerləşdirilməsinin dəyişdirilməsinə ehtiyac görmür: “Bildiyim qədər dəyişiklik yoxdur”. Rayder xatırladıb ki, İŞİD terror təşkilatı ilə mübarizə çərçivəsində əvvəllər Suriyada 900-ə yaxın ABŞ hərbçisi yerləşdirilib: “O qüvvələr bir müddətdir Suriyanın şərq və şimal-şərqindədir. Yəni onlar Suriyanın şimal-qərbində, Hələb və Həmada baş verənlərə yaxın deyillər”.
Pentaqon rəsmisi ABŞ-nin hadisələri diqqətlə izləməkdə davam edəcəyini söyləyib.
ABŞ və Rusiya arasında razılaşma: Əlaqə kanalı işə salındı
Patrik Rayder əlavə edib ki, ABŞ ordusu Suriyada Rusiya ilə əlaqə kanalını aktivləşdirib: "Birgə Operativ Qərargah komandiri Suriyadakı qüvvələrimizin coğrafi baxımdan bir-birinə kifayət qədər yaxın fəaliyyət göstərdiyini nəzərə alaraq, açıq əlaqə kanalına əmin olmaq üçün Rusiya ilə qaynar xətdən istifadə edir. Təmaslar barədə təfərrüatı açıqlamayacağam, sadəcə, qeyd edim ki, mümkün səhv hesablamaların qarşısını almaq üçün əlaqə mexanizmimiz var. Vəziyyəti izləməyə davam etdikcə, regionun digər ölkələri ilə əlaqə saxlamağa davam edəcəyik".
Müxalifət Əsədi bitirir - Suriyanın xəritəsi dəyişir
Suriya müxalifətinin “Əhrar əş-Şam“ hərəkatı komandirinin müavini Əbu Məhəmməd Əhməd əl-Dəlati deyib ki, Suriyanın silahlı müxalifətinin nəzarətə götürdüyü ərazilərin miqyası 700 kvadrat kilometri keçib. Onun sözlərinə görə, Əsəd rejiminin süqutunun zamanıdır: "Birliyimizi təmin edən ədalətli dövlət qurmağın vaxtıdır”. Suriyalı müxalif bölgədə YPG/PKK terror təşkilatına sığınacaq verməyəcəklərini də dilə gətirib: “Hələb və İdlib azad edilib. Beynəlxalq yollar, strateji obyektlər, dövlət idarə və qurumları nəzarətə götürülüb, işğaldan azad edilən ərazilər indiyədək 700 kvadrat kilometri keçib. Qəsəbələrin sayı 150-dən çoxdur. Həmanın şimal çöllərindəyik, oranı azad etmək üçün əməliyyatımız davam edir. Hələbdə YPG/PKK-nın nəzarətində olan Şeyx Maqsud və Əşrəfiyyə rayonları da mühasirəyə alınıb”. Hazırda Suriya müxalifətinin əsas hədəfinin Həma vilayəti olduğu bildirilir. Müxalif qruplar artıq vilayətin 16 yaşayış məntəqəsini ələ keçiriblər. Həma şəhər mərkəzinə yaxın İranın dəstəklədiyi qrupların yerləşdikləri ərazilər də hədəfə alınıb.
Bəşər Əsəd İsraildən kömək istədi
Suriya Prezidenti Bəşər Əsəd “Heyət Təhrir əş-Şam” qruplaşmasına qarşı mübarizə üçün İsraildən yardım istəyib. Bildirilib ki, Bəşər Əsəd Avropadakı “ən güclü yardımçılarından birinin” vasitəsilə İsrailə bu mesajı göndərib.
İsrailin hansı cavabı verdiyi bəlli deyil.
Küncə sıxılan Əsəd peşman oldu – Türkiyəyə sürpriz mesaj
Suriyanın silahlı müxalifətinin ələ keçirdiyi Hələb vilayəti strateji əhəmiyyəti və iqtisadi potensialına görə Dəməşqdən qat-qat əhəmiyyətlidir. “Türkiyə” qəzeti yazıb ki, hazırda Əsəd və “Bəəs” rejimi Dəməşqdə ilişib qalıb, bu məğlubiyyətdən çıxış yolu axtarırlar. Hələb sözün əsl mənasında “domino effekti” verdi, çöküşün ölçüləri çox dərindir: "Ordu, siyasət və bürokratiya qaynayır. Əsədin qurban verilməsi, müvəqqəti hökumətin qurulması kimi imkanlar da nəzərdən keçirilir. Federasiya variantı ilə yanaşı, bir nəfərə bağlı sistemin dəyişdirilməsi və demokratik hökumətin qurulması düsturu da masadadır”. Qeyd olunub ki, son iki ildə Türkiyə ilə bir masa arxasında oturmamaq da təəssüflənmək üçün bir səbəbdir: “Ankaranı danışıqlara razı salmaq üçün kimin vasitəçi olacağı ilə bağlı da müzakirələr gedir. Amma hakimiyyətin ümidləri çox zəifdir. Bütün gücümüzü sərf etdik, amma İdlibi ala bilmədik. Hələb indi bir xəyaldır. Həma ələ keçsə, Əsəd kresloda bir saat belə qala bilməz. Bundan sonra müqavimət yolunu seçsələr də, öz aralarında qan töküləcək və dəyişiklik çox qanlı olacaq. “Bəəs” körpü idi, indi o körpü uçur”.
"Suriyada güclər arasında nüfuz uğrunda həlledici müharibə gedir"
Siyasi şərhçi Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Suriyada Yaxın Şərqin siyasi nizamı qurulur. Ekspertin sözlərinə görə, Suriyada yenidən başlayan silahlı toqquşma vətəndaş müharibəsi deyil, regionda güclər arasında nüfuz uğrunda həlledici müharibədir:
"Rusiyanın Suriyadan əsas hərbi qüvvələrini çıxarması, Hizbullahın zəiflədilməsi, İranın regional siyasətində ciddi şəkildə problemlər yaranması Suriyada Türkiyəyə qarşı yeni planın həyata keçirilməsi ilə nəticələndi. Xüsusilə, PKK-YPG-nin nəzarət etdiyi ərazilərdə "kürd dövləti"nin qurulması strateji planda idi. İsrailin Suriyaya hücum edərək PKK-YPG-yə ciddi hərbi və siyasi dəstək verməsi, Suriyada Türkiyə üçün problemlər yaratması gözlənilirdi. Türkiyə prosesləri qabaqlamış oldu. Məhz bir neçə ay öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bəşər Əsədə ona görə görüş təklifləri edirdi ki, ortaq hərəkətlə həm Suriyada təhlükəsizlik təmin edilsin, həmçinin PKK-YPG terroruna son qoyulsun. Amma Əsəd görüşü qəbul etmədi. Türkiyənin sabiq müdafiə naziri Hulusi Akarın "Əsəd Türkiyənin şərtini qəbul etmədiyi üçün hazırkı durumla üzləşdi" sözü siyasi vəziyyətin Ankara üçün strateji məsələ olduğunu ortaya qoydu. İran Suriyada baş verənlərə seyrçi qalmaq istəmir. Tehranın dəstəklədiyi "Haşdi Şabi" və "Kətaib Hizbullah" milis dəstələri İraqdan Suriyaya döyüşmək üçün göndərilib. Suriyada Türkiyə və İrana bağlı güclər qarşı-qarşıya gəlir. Suriyada Türkiyənin taktiki və strateji qələbə əldə etməsi mümkün görünür. ABŞ isə proseslərdən kənardadır. Ankara bununla bağlı Vaşinqtona xəbərdarlıq edib".