Müxalifətin qalib gəlmə şansının az olduğunu dərk edən Qərb artıq hakim partiya ilə əməkdaşlıq mövqeyindən çıxış etməyə başlayıb
Fransa Prezidenti Emmanuel Makron hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili ilə telefonla danışıb. Onlar Gürcüstandakı cari vəziyyəti müzakirə ediblər.
Makron Gürcüstandakı vəziyyətdən narahatlığını ifadə edib və bu vəziyyətin tam həllinə töhfə vermək istəyini bildirib. İvanişvili də öz növbəsində Fransa prezidentinə təşəbbüsə görə təşəkkür edib və birgə səylər ideyasını dəstəkləyib. İvanişvili və Makron əldə olunan irəliləyişi qiymətləndirmək üçün yaxın günlərdə təkrar təmasların olacağı barədə razılığa gəliblər. Telefon danışığı təxminən bir saat davam edib. Tərəflər bir neçə gündən sonra yenidən əlaqə saxlamaq barədə razılığa gəliblər.
Qeyd edək ki, Fransa Prezident Sarayı Emmanuel Makron və Bidzina İvanişvili arasında telefon danışığı barədə məlumat yayıb. Bəyanatda bildirilib ki, Makron həbs edilən bütün şəxslərin azadlığa buraxılmasını tələb edib və İvanişvilini sərbəst toplaşmaq və ifadə azadlığına hörmət etməyə çağırıb. Öz təşəbbüsü ilə “Gürcü Arzusu”nun fəxri sədri cənab Bidzina İvanişvili ilə danışan Fransa Prezidenti həm vətəndaş cəmiyyətinin, həm müxalifətin hədələnməsini, həm də hüquq-mühafizə orqanlarının dinc nümayişçilərə və jurnalistlərə qarşı zorakılığını pisləyib. O, özbaşına həbs edilən bütün şəxslərin azadlığa buraxılmasını tələb edib, toplaşmaq və ifadə azadlığına hörmət etməyə çağırıb. O, bir daha Gürcüstanın Avropa kursundan kənara çıxmasından məyus olduğunu bildirib və qəbul edilmiş və ya gələcəkdə qəbul ediləcək istiqamət və qərarların Gürcüstanla Avropa İttifaqı arasında münasibətlərə mütləq təsir edəcəyinə inandığını vurğulayıb. O, gürcü xalqının avropalı və demokratik istəklərinə hörmətlə yanaşaraq bütün siyasi qüvvələrin və vətəndaş cəmiyyətinin iştirakı ilə inklüziv dialoqa çağırıb.
Makronla İvanişvilinin telefon danışığının üzərindən bir gün keçməmiş Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin istefaya hazırlaşdığı deyilib.
Bildirilib ki, artıq hakim “Gürcü Arzusu” Partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili müvafiq qərarı qəbul edib. İvanişvilinin Makronla telefon danışığının da Kobaxidzenin istefasını sürətləndirəcəyi qeyd olunub.
Siyasi şərhçi Natiq Cəfərli sosial media hesabında bu mövzuya toxunub:
- Fransa Ermənistan və Gürcüstanda “güc göstərmək”, bölgədə Böyük Britaniyaya qarşı təsir mexanizmləri yaratmaq istəyir.
Gürcüstanda küçədə etiraz edənlərə halaldır, vətəndaş mövqeləri var, amma işin kökündə seçkilər, rusiyapərəstlik, qərbdən imtina məsələləri yoxdur.
Məsələnin kökü 2022-ci ildə Fransanın, Makronun israrı, tələbi və Fransa məhkəməsinin qərarı ilə İsveçrənin məşhur “Credit Suisse” Bankında İvanişvilinin 2,7 mlrd. funt-sterlinq vəsaitinin dondurulması dayanır. Fransa və İsveçrə deyir ki, İvanişvili bu pulu Rusiyada qazanıb deyə hesabları dondurulmalıdır. Absurd iddiadır, çünki İvanişvili o pulu Rusiyada 2002-ci ilə qədər qazanıb, sonra nəyi var idisə satıb (həyat yoldaşı Yekaterina Xvedelidzenin adına olan torpaq sahəsi və Moskva ətrafında böyük villadan başqa), aktivlərdən çıxıb pulunu Fransaya, İsveçrəyə köçürüb, faktiki olaraq, Putinin yeni “elitasından” qaçıb. İvanişvili Saakaşvilinin dəvəti ilə Gürcüstana gəlib, 2008-2009-cu illərə qədər də yaxın sirdaş, dost, əqidədaş olublar. Sonra yolları ayrılıb, 2012-də “Gürcü Arzusu” Partiyasını quraraq seçkilər yolu ilə hakimiyyətə gəlib.
Makronun zəngi yeni anlaşma cəhdidir, deyə bilər ki, Fransa vətəndaşı olan Salome Zurabaşvilini geri çəkirəm, etirazları dəstəkləməyəcəyik, sənin də pullarını qaytaracağıq, təki bizim istəklərimizi yerinə yetir (istəklər məsələsi uzundur, onu bir gün yazaram). Yəni əgər bu gün Gürcüstandakı hadisələrə Rusiyanın dəxli varsa, bu elə Fransanın əli ilə var - hər iki ölkənin əsas hədəfi və rəqibi anqlosakslardır. Onlara qarşı istənilən formatda iş birliyinə gedirlər - elə Ermənistanda, Ukraynada və İranda da.
Hə, onu da deyim ki, İvanişvili Fransa vətəndaşıdır – yəni, bu gün Gürcüstanda, həm də, iki Fransa vətəndaşının qarşıdurması var və bu konfliktdə maraqlı olan, bu yolla da əsas moderator olmağa çalışan olan Makron var...
Siyasi ekspert Asif Nərimanlı isə “Sherg.az"a açıqlamasında deyib ki, Fransa Prezidenti Emmanuel Makronun İvanişviliyə telefon zəngi, əslində, Avropa İttifaqının Gürcüstanda keçirilən parlament seçkilərinin nəticəsini tanıması, aparılan mübarizədə Qərbin heç bir nəticə əldə edə bilməməsinin etirafı kimi qəbul edilməlidir. Fransanın timsalında Avropa İttifaqının dünyada yeni güc mərkəzi olmaq niyyətinə toxunan ekspert deyib ki, Gürcüstanda baş verənlər də onlar üçün bir növ sınaq mərhələsi idi:
“Fransa Prezidentinin daha əvvəllər də Avropa ordusunun yaradılması ilə bağlı təklifi olub və bunu Avropanın təhlükəsizliyinin qorunması üçün vacib bir hal kimi qeyd edib. Yəni Avropa İttifaqı Amerikanın təsiri altında yox, müstəqil güc mərkəzi kimi çıxış etmək, dünyada söz sahibi olmaq istəyir. Lakin bu gün Gürcüstanda hakim partiyanın qələbəsi, onların Qərbə qarşı dirənişi göstərir ki, Aİ bu sınaqdan üzüağ çıxa bilmədi. Gürcüstan müxalifətinin qalib gəlmə şansının xeyli az olduğunu dərk edən Qərb artıq hakim partiya ilə əməkdaşlıq mövqeyindən çıxış etməyə başlayıb. Hesab edirəm ki, Baş nazir Kobaxidzenin istefası ilə bağlı yayılan məlumatlar da təsadüfi deyil. Bu bizə Gürcüstanın sabiq Baş naziri İrakli Qaribaşvilinin istefasını xatırladır. Bu addım bir növ Gürcüstan siyasi elitasının Qərbə güzəşti kimi dəyərləndirilmişdi.
Bu gün də Kobaxidzenin istefa xəbəri ilə Gürcüstan Qərbə münasibətləri tam kəsmək istəmədiklərinin mesajını verir. Bilirsiniz ki, Qərblə bağlı ən sərt çıxışlar məhz baş nazirin dilindən səsləndirilirdi. “Gürcü arzusu” Qərbə qarşı radikal mövqedən çıxış edən Kobaxidzeni qurban verərək Qərbə jest edir və Avropa İttifaqı ilə əməkdaşlığın mümkünlüyünə işarə edir”.