Macarıstan Baş naziri Viktor Orban Yeni il bayramı dövründə Rusiya və Ukrayna arasında mümkün atəşkəslə bağlı Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıq aparmaq istəyib, ancaq rədd cavabı alıb.
Bunu Macarıstan xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bu gün “Kossuth” radiosuna müsahibəsində bildirib.
Peter Siyarto xatırladıb ki, Viktor Orban dekabrın 11-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında atəşkəs və böyük məhbus mübadiləsinin mümkünlüyünü müzakirə edib. Bundan sonra Macarıstan Baş nazir eyni təkliflə Vladimir Zelenskiyə də müraciət etmək istəyib. Peter Siyarto bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa və Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermaka məlumat verib. Ancaq Viktor Orbanın bu barədə Vladimir Zelenski ilə telefonla danışmaq istəyinə rədd cavabı verilib. Macarıstan XİN başçısı Ukraynanın qərarını “diplomatiyada tamamilə görünməmiş jest” adlandırıb.
Viktor Orban Kiyevin Rusiyayla atəşkəs və məhbus mübadiləsindən imtinasından sonra bununla bağlı təəssüfünü açıq formada bəyan edib. Bununla belə, Macarıstan Baş naziri hesab edir ki, belə razılaşmanın əldə olunması üçün hələ vaxt var.
Politoloq Elçin Xalidbəyli "Sherg.az"a deyib ki, Macarıstanın Baş nazirinin Zelenskiyə zəng etməsinin əsas səbəbi müharibənin dayandırılması istiqamətində prosesin daha geniş xarakter almasıdır:
"Məqsəd yalnız yeni il ərəfəsində atəşkəsə nail olmaq deyil. Ümumiyyətlə sülh prosesinin başladılmasına yönəlik addımların atılmasıdır. Çünki Viktor Orban Trampın Ukrayna savaşını dayandırmaqla bağlı başlatdığı prosesin birbaşa iştirakçısıdır. Hətta bəzi məsələlərdə də vasitəçi missiyasını yerinə yetirir. O, ABŞ-dakı seçkilərdən əvvəl Rusiyaya və Çinə səfər etdikdən sonra Bayden administrasiyası ilə yox, məhz Trampla görüşüb Ukrayna müharibəsinin dayandırılma perspektivlərini müzakirə etmişdi. Viktor Orban Trampın bu müharibədə yürütdüyü siyasətin iştirakçısıdır. Bu baxımdan müəyyən cəhdlər etməyə başlayıb. Ancaq rəsmi Kiyev hələlik konkret olaraq öz mövqeyini müəyyənləşdirməkdə çətinlik çəkir. Çünki Trampın sülh planını Ukraynanın ərazi bütövlüyünün pozulması hesabına reallaşdıracağı gözlənilir. Yəni Ukraynanın bu prosesdə ərazi itkiləri ilə üzləşəcəyi ehtimal olunur. Ona görə də rəsmi Kiyev bir qədər müqavimət əlamətləri sezdirməyə cəhd göstərir".
Politoloqun fikrincə, bu zəngin geri çevrilməsi müəyyən mənada həm də Trampa yönəlik mesaj xarakteri daşıyır:
"Bir müddət öncə də Zelenski hakimiyyəti ABŞ-ın çox istədiyi Ukraynanın təbii sərvətlərinin istismarı ilə bağlı anlaşmanı imzalamaqdan imtina etmişdi. Belə bir mülahizə irəli sürmüşdü ki, bu sənədin imzalanmasından əvvəl rəsmi Kiyev Tramp administrasiyasının Ukrayna müharibəsini dayandırmaqla bağlı atacağı addımları tam şəkildə görmək istəyir. Yəni Zelenski müəyyən mesajlar verir ki, Ukraynanın maraqları təhdid altında qalacağı təqdirdə Kiyev ABŞ-ın bəzi hədəflərinə müqavimət göstərmək niyyətindən imtina etməyə bilər".