"Bükə bilmədiyin əli öpməlisən": Fransanın Yaxın Şərqə təsir imkanları Türkiyə qədər deyil

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Məlumatda bildirilib ki, iki lider arasındakı telefon danışığının əsas gündəmi Suriya olub.
Ərdoğan Suriyanın ərazi bütövlüyü və suverenliyinin qorunmasının vacib olduğunu, Fransanın Suriyadakı səfirliyini yenidən açmaq qərarından məmnun olduğunu bildirib.
Telefon danışığı zamanı həmçinin Türkiyə ilə Fransa arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Politoloq Turan Rzayev "Sherg.az"a bildirib ki, Fransanın Yaxın Şərqlə maraqlanması başa düşüləndir:

"Osmanlı imperiyasından sonra Yaxın Şərqdə nüfuz mübadiləsi oldu. Says-Piko sazişi ilə bu günkü Livan və Suriya əraziləri fransız mandatına keçmişdi. Buna görə də Fransa hər zaman bu iki ölkə ilə yaxından maraqlanıb. Əsəd rejimi Fransayla çox yaxın olmasa da, nəticə etibarilə mənfi münasibətlər də görünməyib. Bu baxımdan Fransa indi Türkiyənin Suriyada hakim güc olduğunu bilir. Ən azı hakimiyyətdə olan qüvvəni dəstəkləyən və onun bu posta gəlməsində ən böyük pay sahibi Ərdoğandır. Buna görə də məsələnin Türkiyə ilə müzakirə edilməsi normaldır. Digər tərəfdən Aralıq dənizində Türkiyə və Fransa arasında rəqabət çoxdan var. Hətta tərəflər bir neçə dəfə ciddi şəkildə bir-biri ilə mübarizə aparıblar. Amma nəticədə bir neçə il əvvəl Liviya vətəndaş müharibəsi gedişində buradakı qanuni hökumət Türkiyə ilə "Beynəlxalq Sulara dair" sazişi olmuşdu. Yəni Liviya öz su sərhədlərinin bəzi hissəsini Türkiyəyə vermişdi. İndi mümkündür ki, mövcud saziş Türkiyə ilə də imzalansın. Bu isə Fransaya sərf etməyən nəticə olar".

Politoloq deyib ki, Makron başa düşür ki, Türkiyənin Osmanlıdan qalan nüfuzu və gücü var:
"Yəni Fransanın Yaxın Şərqə təsir imkanları Türkiyə qədər deyil. Amma belə bir deyim var ki, "bükə bilmədiyin əli öpməlisən". Fransanın da yanaşması bu mənadadır. Eyni zamanda Fransa Türkiyə əleyhinə çox kompaniyalar aparıb. İki ölkə arasında münasibətlərin normallaşdırılması Azərbaycan-Fransa əlaqələrinin yaxşılaşması kimi ola bilər. Yəni bu indiki məqamda bir az çətin görünür. Ümumiyyətlə beynəlxalq münasibətlərdə konkret dost və düşmən obyekti yoxdur".