Zelenski: ABŞ olmadan veriləcək təhlükəsizlik zəmanəti yetərsiz olacaq

“Macarıstanın Baş naziri “Milad atəşkəsi” ilə bağlı təklif vermək mandatına sahib deyil”.

APA-nın “strana.ua”ya istinadən məlumatına görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Brüsseldə, Avropa İttifaqının mənzil-qərargahında keçirdiyi brifinq zamanı bildirib.

"Belə məlumatları biz yalnız mətbuatdan öyrənirik. Orbanın təklifi və bu barədə mətbuat vasitəsilə xəbər tutmağımız çox qeyri-ciddi yanaşmadır. Macarıstanın Baş naziri Viktor Orban mənə “Milad atəşkəsi” ilə bağlı hər hansı təklif verməyib. Onun bunun üçün mandatı yoxdur. Orbanın Vladimir Putinlə münasibətləri elə istidir ki, ona nə isə deyə bilıməz. Onun bu çıxışı daha çox siyasi təbliğata bənzəyir".

Ukrayna lideri növbəti dəfə ölkəsinin indiki halda Rusiya qazının tranzitini bərpa etməyəcəyini bəyan edib:

"Biz onlara qanımız bahasına milyardlar qazanmağa imkan verməyəcəyik. Lakin əgər Rusiya qazı deyil, başqa ölkəyə aid mavi yanacağın ixracı təklif olunarsa, bunu nəzərdən keçirə bilərik”.

Ukrayna lideri eyni zamanda ABŞ-nin iştirakı olmadan ölkəsinə verilən təhlükəsizlik zəmanətinin yetərsiz olacağını söyləyib:

"NATO-ya üzvlük yolunda bizim təhlükəsizliklə bağlı müəyyən zəmanətə ehtiyacımız var. Bu məsələni həm ABŞ, həm də Avropa ilə müzakirə edə bilərik. Bu heç də o demək deyil ki, hər iki tərəf arasında fikir ayrılığı yaranmalıdır. Bizim üçün silahlanma və kontingentin yerləşdirilməsi, həm də hava hücumundan müdafiə xarakterli və uzaqmənzilli silah-sursatın təchizatı kimi məsələləri qaldırmaq vacibdir. Zəmanət isə ümumi olmalıdır. Çünki həm ABŞ, həm də Avropa bizim əsas müttəfiqlərimiz və təhlükəsizlik məsələsindəki donorlarımızdır” – deyə, V. Zelenski fikirlərini bitirib.