Britaniya Gürcüstanın daxili işlər nazirinə sanksiya tətbiq edib

Böyük Britaniya Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauriyə sanksiya tətbiq edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumat Britaniya hökumətinin saytında dərc edilib.

Bildirilib ki, buna səbəb Aİ-yə üzvlük danışıqlarının dayandırılmasının bəyan edilməsindən sonra keçirilən etirazlar zamanı Gürcüstan Daxili İşlər Nazirliyinin polis qüvvələrinin etirazçılara qarşı qeyri-proporsional güc tətbiq etməsidir.

Sanksiya siyahısına Qomelaurinin müavini Aleksandre Daraxvelidze, DİN-in xüsusi tapşırıqlar departamentinin direktoru Zviad Xarazişvili (xüsusitəyinatlı polis dəstələrinin rəisi) və Tbilisi polis departamentinin direktoru Sulxan Tamazaşvili də daxil edilib.

Sanksiyalara aktivlərin dondurulması və səyahət qadağaları daxildir.