Analitik: İran Suriya hadisələrinin zərbəsindən nokauta düşüb

Rejim indi ölkəsində oxşar ssenarinin təkrarlanmasından ehtiyat edir

İranın molla rejimi Suriyada aldığı ağır zərbədən nokauta düşüb. İranın Suriyada, Livanda, Qəzzadakı proksi qüvvələrinin ABŞ-İsrail cütlüyü tərəfindən sıradan çıxarılmasından sonra, indi də növbə molla rejiminin özünə çatır. Suriyadakı hadisələrdən sonra İran rejimi ölkədə oxşar ssenarinin təkrarlanmasından ehtiyat edir". 

Bu barədə "Sherg.az"a siyasi şərhçi Bəybala Mirzəyev deyib.

 Ekspert bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp İranla müharibə ehtimalını da istisna etmir:
 "Hazırda rəsmi Tehrana qarşı psixoloji təzyiq kampaniyası aparılır. Növbəti mərhələdə isə İrana qarşı birbaşa hərbi əməliyyatlara start verilə, mövcud siyasi rejim devrilə bilər. Çünki Vaşinqton və Təl-Əviv ərəb ölkələrində olduğu kimi İranda da özlərinə münasib, sözəbaxan, idarəolunan bir hakimiyyətin bərqərar olmasını istəyir. Görünən budur ki, molla rejimi bu plandan duyuq düşüb. Ona görə də mollalar islahatçı Prezident Məsud Pezeşkian üzərindən Qərblə münasibətləri sahmana salmağa çalışırlar. Lakin onlar, necə deyərlər, bu məsələdə bir qədər gecikiblər. Çünki molla rejiminin "fatihə"sinin verildiyi artıq hiss olunur". 

Analitikə görə, böyük ehtimalla, İsrail və Qərbin seçimi İranın devrilmiş şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvidir: 
"Həm ABŞ, həm də İsrail Pəhləvilərin İranda hakimiyyəti götürməsində maraqlıdır. Netanyahu Pəhləvilərə rəğbətlə yanaşır və Rza Pəhləvinin İranın yeni rəhbəri olması planını dəstəkləyir. 
Bu planın həyata keçirilməsi Güney Azərbaycandakı soydaşlarımızın onsuz da faciəli olan durumunu daha da dözülməz edəcək. Çünki Pəhləvi rejimi ilə molla rejiminin heç bir fərqi yoxdur. İkisi də bir bezin qırağıdır. Biri medalyonun üzü, digəri isə astarıdır. Və ikisi də İrandakı qeyri-fars əsilli xalqlara (xüsusən də Azərbaycan türklərinə) qarşı qəddar, əzazil münasibəti ilə tanınır".
B.Mirzəyev vurğulayıb ki, mollalar kimi Pəhləvilər də Güney Azərbaycanı İranın hüdudlarından kənarda görmür: "Pəhləvilər vaxtilə Güney Azərbaycanda milli azadlıq hərəkatının - "21 Azər"in qan içində boğulması və Pişəvərinin rəhbərlik etdi Azərbaycan Milli Hökumətinin devrilməsi üçün misilsiz qəddarlıqlara imza atıb. Bu mənada, bu gün İranın keçmiş şahının hazırda ABŞ-də yaşayan varisi Rza Pəhləvinin "21 Azər" hərəkatının və Azərbaycan Milli Hökumətinin devrilməsinin ildönümü ilə bağlı etdiyi paylaşımda "İranın ərazi bütövlüyünün düşmənləri bilməlidirlər ki, Azərbaycan hər zaman İranın milli birliyinin möhkəm səngəri olub" iddiası ilə çıxış etməsi Güney azərbaycanlı soydaşlarımızı dərindən düşündürməlidir. Keçmiş şahın oğlunun Azərbaycanı "İranın milli kimliyinin və mədəniyyətinin simvolu və siması" adlandırması onu göstərir ki, molla rejiminin süqut edəcəyi təqdirdə Pəhləvilərin Güney Azərbaycana nəinki müstəqillik, hətta mədəni muxtariyyət belə vermək niyyəti yoxdur. Molla rejiminin basqısı altında yaşayan azərbaycanlılar Pəhləvilərin ikinci hakimiyyət dönəmində də haqq və hüquqlarsız yaşamalı olacaqlar. Beləliklə, yağışdan çıxıb yağmura düşən güneylilərin bir əsrdir (1925-ci ildən) davam edən kölə vəziyyəti növbəti dəfə qeyri-müəyyən müddətə uzanacaq. Güneylilər panfarsçılığa xidmət edən mollalara da, pəhləvilərə də "yox!" deməlidirlər. Bu dəfə Güney Azərbaycanın taleyi 1946-cı ildə olduğu kimi Vaşinqtonda, Londonda və Moskvada yox, Təbrizin özündə müəyyən olunmalıdır. Güney Azərbaycanın bağımsızlığı Türk Birliyi üçün də önəmlidir".