Ukrayna milli və dövlət maraqlarını qurban vermək məcburiyyətinə gətirilib
Avropaya Ukrayna ərazisindən “Putin-Timoşenko müqaviləsi” kimi tanınan (2009-2019) və sonra 5 il müddətinə uzadılan (2019-2024) Rusiya qazının tranzit razılaşması bu ilin sonu bitir.
Qətərdən Avropaya qaz tranzitinə Rusiyaya görə icazə verməyən Suriyada Bəşər Əsəd rejimi devrilməsiylə Qətər qazının ixracı imkanı yaradıldıqdan sonra, Qərb Rusiya qazının Ukrayna ərazisindən tranzitini nəzərdə tutan müqavilənin uzadılmasına, yaxud yeni razılaşmanın əldə olunmasına imkan verməyəcəyi, Ukraynanın yeni razılaşmadan imtina etməsi çox böyük ehtimal edilirdi.
Artıq Ukrayna Prezidenti Volodimir Zelenski həmin müqavilənin uzadılmasından imtina edib və Avropanın maraqlarına uyğun şərtlər irəli sürüb.
Yeri gəlmişkən, hələ sovet dövründən mövcud olan Rusiyadan Ukrayna ərazisi vasitəsilə Avropaya qaz tranziti müqaviləsi sonradan Ukraynanın yox, Rusiyanın iqtisadi və siyasi maraqlarına uyğunlaşdırıldı.
Siyasi şərhçi Vüqar Dadaşov “Sherg.az"a açıqlamasında bildirib ki, Ukrayna hazırda milli və dövlət maraqlarını qurban vermək məcburiyyətinə gətirilib:
“Sual oluna bilər ki, Rusiya qazının tranzitinə görə Ukrayna əldə etdiyi gəlirlərdən niyə imtina etsin ki?! Məsələ də ondadır ki, Rusiya-Ukrayna müharibəsində Ukraynaya edilən və bu günə kimi 300 milyarda yaxın silah və maliyyə yardımı məhz Ukraynanın dövlət zəmanəti əsasında verilib. Yəni bu gün Ukrayna elə bir vəziyyətə gətirilib ki, öz milli və dövlət maraqlarını qurban vermək məcburiyyətindədir. Rusiyanın Ukraynaya hücumunun ilk hədəfi də Kiyevi tutmaq və Ukraynada Rusiyayönümlü hakimiyyətin qurulması idi. Bununla, Rusiya NATO-nun öz sırhədlərinə yaxınlaşmasını əngəlləyir və iqtisadi maraqlarını təmin edəcəkdi. Heç şübhəsiz ki, bu müharibə Qərb-Rusiya müharibəsidir”.
Siyasi şərhçinin sözlərinə görə, Suriyada Bəşər Əsəd rejimini devirən Türkiyə və ABŞ təbii ki, Avropa qarşısında enerji təchizatı ilə bağlı yeni şərtlərə əsasən lahiyələri reallaşdırmağa çalışacaq:
“Əlbəttə ki, Qətər qazının Avropaya çatdırılması müəyyən zaman tələb edir və bu lahiyənin başa gəlməsində Türkiyə, ABŞ maraqlı ola bilməz. Əvvəla, Türkiyə artıq böyük öz qaz yataqlarını kəşf edib və onu da dünya bazarına çıxarmağı düşünür. Həm də Azərbaycan və Xəzəryanı ölkələrdən də qazın Avropaya tranziti mövcud xətlərlə Türkiyə ərazisindən ötürülməsi Türkiyə və Azərbaycanın da maraqlarına cavab verir.
Bu arada ABŞ da öz qazı ilə Avropaya qaz ixracını artırmaq niyyətindədir və hətta ixrac rüsumunu da artırır. Donald Trampın yenidən prezident seçilməsi ilə Rusiya-Ukrayna müharibəsinə münasibətin dəyişəcəyini düşünənlər də var idi. Ancaq əvvəllər qeyd etdiyim kimi, Donald Tramp ABŞ-nin siyasi kursunu davam etdirmək məcburiyyətindədir. Ukraynaya hərbi yardımın davam etdiriləcəyi ilə bağlı Donald Trampın son açıqlaması da ABŞ dövlət siyasətinin dəyişməz xəttidir”.
V.Dadaşov bildirib ki, bu çəkişmələrdə iqtisadi və diplomatik cəhətdən ən çox zərər çəkən məhz Avropanın özüdür:
“Avropa öz enerji təhlükəsizliyini müstəqil şəkildə həll etmək imkanından kənarlaşdırılıb, fakt qarşısında qoyulub, seçim imkanı əlindən alınıb. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Avropa ölkələrinə külli miqdarda maddi ziyan vurur. Rusiya, Ukrayna, Yaxın Şərq müharibələrə vadar edilib. Çinin də Şərqə, Afrika ölkələri ilə əlaqələrinə maneələr yaradılıb. Vəziyyətdən geniş mənada uduşlu ancaq ABŞ görünür.
Rusiyanın iqtisadi cəhətdən salındığı çərçivədən və cəlb edildiyi müharibədən necə çıxacağının ehtimalları müxtəlifdir. Ancaq Rusiyanın bu qədər sıxışdırılması onun qeyri-adekvat davranacağına inamı artırır. Nəticə isə Kremldə hakimiyyət və sistem dəyişikliyinə də gətirə bilər”.