Ərazilərin ələ keçirilməsi qələbə deyil: Rusiya müharibəni artıq uduzub -ELçin Alıoğlu

"2025-ci ildə Rusiya-Ukrayna müharibəsinin başa çatması ABŞ-ın daxili, iqtisadi və siyasi gündəmində olan məsələdir. Bunun ABŞ-ın Ukraynanı düşünməsi, postsovet, xüsusilə də Avrasiya məkanında demokratik proseslərə təkan verməsi, beynəlxalq hüququn qorunmasının təmin edilməsi və digər iddialarla heç bir əlaqəsi yoxdur".

Bu sözləri "Sherg.az"a açıqlamasında politoloq Elçin Alıoğlu deyib. 

Onun sözlərinə görə, indiki zamanda ABŞ-ın əsas rəqibi Çindir:

"Donald Tramp gözəl başa düşür ki, Çin Rusiyanın zəifləməsini və Ukrayna müharibəsində məğlubiyyətini istəmir. Ona görə yox ki, Çinin Rusiyaya xüsusi rəğbəti var. Rusiya zəifləyərsə, ABŞ bütün diqqətini bu ölkəyə yönəldəcək. Buna görə də Çin çalışır ki, Rusiya-Ukrayna müharibəsi mümkün qədər davam etsin, Rusiya zəifləsin, lakin məğlub olmasın. Çünki zəif Rusiya Çin məhsulları, texnologiyası üçün ideal bazardır. Üstəlik, Rusiyanın təbii ehtiyatlarını daha ucuz qiymətə əldə edir. Digər tərəfdən 2025-ci ildə müharibənin başa çatması ehtimalı yüksəkdir. Rusiya Prezidenti Vladimir Putin bildirir ki, müharibəni mümkün qədər tez başa çatdırmaq istəyir. Münaqişəni Rusiya niyə başlayırdı ki, indi də tez bitirməyə can atır? Putin işğalçılıqla məşğuldur. Rusiya başqa dövlətin ərazilərini, Krım yarımadasını əvvəl ilhaq etmişdi, indi isə işğal edib. Hərbi uğurlara gəldikdə isə Rusiya ordusu Ukrayna cəbhəsində hələlik strateji yox, taktiki uğurlar əldə edib".

Politoloqun sözlərinə görə, Rusiya müharibəni artıq uduzub:
"Rusiya qoşunları Kiyevə də çata, ələ keçirə, hətta Zelenskini devirə, bütün Ukrayna ərazisində işğal administrasiyaları yarada bilərlər. Lakin bu, məğlubiyyətdir. Çünki Rusiya bu savaşda məntiq, məfkurə və ideologiya baxımından uduzub. İstənilən müharibədə ərazilərin ələ keçirilməsi qələbə deyil. Putin Ukraynanın daha yüz şəhərini, kəndini əldə edə bilər. Amma heç vaxt qalib gəlməyəcək. Digər tərəfdən Kiyev rəhbərliyinin indiki mövqeyi ondan ibarətdir ki, Ukrayna sərhədləri 1991-ci il perimetri üzrə bərpa olunsun. Yəni Krım və digər itirilmiş ərazilər azad edilsin. Rusiya heç vaxt Krımı Ukraynaya qaytarmayacaq. Yəni bu ərazilərdən əl çəkməyəcək. Həmçinin 2025-ci ilin martın ortalarında ilkin atəşkəs anlaşması imzalanacaq. Hər iki tərəf hazırda olduqları yerdə qalacaqlar. Daha sonra 42-45 min şəxsi heyətdən ibarət sülhməramlı kontingent Ukraynaya yeridiləcək, danışıqlar prosesi başlayacaq. Belə olan şəraitdə Ukraynanın indiki vəziyyətinin birbaşa günahkarı ABŞ və digər Qərb ölkələridir. Çünki onlar Ukraynanın tələb etdiyi və zərurət duyduğu silah-sursatı vermirlər. Ukraynanın müharibədə qalib gəlməməsi, eyni zamanda uduzmaması ABŞ-ın marağındadır. Vaşinqton həm də çalışır ki, Rusiya böyük məğlubiyyətə düçar olmasın. Çünki Qərb qorxur ki, bu baş verərsə, Putin aqressivləşəcək və qeyri-adekvat addımlar atacaq".