Aİİ -də müşahidəçi statusu İranın Şərq blokundakı mövqeyini daha da möhkəmləndirəcək -Politoloq

İrana Avrasiya İqtisadi İttifaqında (Aİİ) müşahidəçi dövlət statusu verilib.
Bu qərar ittifaqın Rusiyada təşkil olunan sammitində qəbul edilib.
"İran bundan sonra ittifaqımızda müşahidəçi dövlətdir", - Avrasiya İqtisadi Komissiyasının Kollegiya sədri Bakıtjan Sagintayev jurnalistlərə bildirib.
Qeyd edək ki, Kuba və Özbəkistan da Aİİ-də müşahidəçi dövlət statusuna malikdir. Avrasiya "beşliyi"nə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.

Politoloq Aytən Qurbanova "Sherg.az"a deyib ki, İranın Aİİ-də müşahidəçi dövlət statusu alması qısa müddətdə qəbul edilmiş təsadüfi qərar deyil:

"Artıq bir neçə ildir ki, İranın Birliyə üzv qəbul edilməsi məsələsi mütəmadi olaraq müzakirə edilir. Ona görə də, yaxın müddətdə hətta onun AİB-nə tamhüquqlu üzv qəbul edilməsi məsələsi də gündəmə gələ bilər. Xüsusilə də, İran və Birlik arasındakı ticarət dövriyyəsinin inkişaf xronikası onu deməyə əsas verir ki, ABŞ-nin ağır sanksiyaları ilə mübarizə apardığı bir mərhələdə İran üçün belə alternativ iqtisadi platformaların önəmi hər il daha da artır. İranın Birliyə inteqrasiya olunması yolunda atdığı addımlar mütləq şəkildə Rusiya tərəfindən də təşviq edilir və dəstəklənir. Bir çox istiqamətdə ortaq hərbi-strateji və siyasi maraqlara sahib olan İran və Rusiyanın Avrasiya İqtisadi Birliyi çərçivəsində iqtisadi əlaqələrinin möhkəmləndirilməsi qlobal sistemdə davam edən sürətli bloklaşmanın təzahürləri olaraq da ifadə edilə bilər. Eyni zamanda, Tramp administrasiyası dövrünün İran üçün heç də asan keçməyəcəyi iddiaları İranın Şərq blokundakı mövqeyini daha da möhkəmləndirməsi üçün əsas ola bilər".

Politoloq əlavə edib ki, 20 yanvar 2025-ci il tarixində ABŞ-nin 46-cı prezidenti olaraq Donald Trampın andiçmə mərasimindən sonrakı dövrdə İranın regional və qlobal mövqeyində ciddi dəyişikliklərin olacağı ilə bağlı iddialar kifayət qədər real yanaşmalardır:
"Çünki birinci prezidentliyi dövründə Tramp administrasiyasının təhlükəsizlik çağırışlarışlarının mərkəzində dayanan təhdid kimi İranın adı çox hallanıb. Deməli növbəti dönəmdə də Trampın rəhbərlik edəcəyi ABŞ üçün Orta Şərq siyasətinin əsas hədəflərindən biri istisnasız olaraq İrana qarşı sanksiyaıarın daha sərtləşdirilməsi və onun zəiflədilməsi ola bilər".