Ukraynada hərbi anddan imtina edən tələbələr universitetlərdən xaric olunacaqlar

Ukraynada ilkin ümumi hərbi hazırlıq imtahanından keçə bilməyən və ya and içməkdən imtina edən tələbələr universitetlərdən xaric olunacaqlar.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna mmüdafiə nazirinin müavini Sergey Melnik deyib.

O, bildirib ki, hərbi hazırlıq imtahanı hər kəs üçün vacibdir: “Müharibə şəraiti ilə bağlı olaraq hər bir Ukrayna vətəndaşı hərbi təlim keçməlidir. Bu, gələcəkdə təkcə hərbi xidmətdə deyil, mülki həyatda da faydalı olacaq”.

Xatırladaq ki, Ukraynadakı ali təhsil müəssisələrində 2025-ci ilin sentyabrından hərb fənnindən dərslərə başlanılacaq. Dərslər 300 akademik saatı əhatə edəcək və iki hissədən ibarət olacaq: 90 saatı təhsil müəssisələrində nəzəriyyə, qalan 210 saatı isə hərbi hissə və mərkəzlərdə təcrübədən ibarətdir. Dərslər taktiki, kəşfiyyat və psixoloji hazırlıqdan, hərbi intizamın əsaslarından, silahla rəftardan, ilkin tibbi yardımdan ibarət olacaq. Kursu başa vurduqdan sonra tələbələr hərbi and içəcək, şəhadətnamə və hərbi qeydiyyat ixtisası alacaqlar.