Zelenskini hər dəfə aldadırlar -RƏY

Atəşkəslə bağlı məsələnin həlli o qədər də uzaq perspektiv deyil

NATO-ya qəbul etmədən də Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi mümkündür

Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, əgər sülhə nail olmağın yeganə yolu Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar masası arxasına oturmaqdırsa, o, buna hazırdır. Zelenski bildirib ki, əgər bu, yeganə konfiqurasiyadırsa, o zaman ukraynalılar üçün sülh əldə etmək və insanları itirməmək naminə buna gedəcəklər. O əlavə edib ki, Kreml rəhbəri ilə şəxsi əlaqə bu halda heç bir əhəmiyyət kəsb etmir: “Onu düşmən hesab edirəm və düşünürəm ki, o da məni düşmən sayır”. Zelenski vurğulayıb ki, ABŞ Ukraynanın NATO-ya qoşulmasına kömək etmək istəmirsə, ona alternativ təhlükəsizlik zəmanəti - nüvə silahı verilməlidir. Dövlət başçısı etiraf edib ki, Ukraynanın NATO-ya daxil olması illərlə və ya onilliklərlə uzana bilər: "Hansı dəstək paketi, hansı raketlər? Onlar bizə nüvə silahı verəcəklər? Yaxşı, qoy, onda nüvə silahımızı qaytarsınlar". Qeyd edək ki, ABŞ, Britaniya və Rusiyanın təhlükəsizlik zəmanəti ilə 1994-cü ildə Ukraynadan nüvə silahları alınaraq, Rusiyaya yerləşdirilib. Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişçuk deyib ki, Rusiya Ukrayna məsələsi ilə bağlı danışıqlara hazırdır və konstruktiv təkliflərə açıqdır: “Rusiya tərəfi real təkliflərə açıqdır və ciddi müzakirələrə hazırdır”. Polişçukun sözlərinə görə, hələlik konkret təkliflər daxil olmayıb: “Vaşinqton Ukrayna böhranında əsas oyunçu olaraq qalır, münaqişədən qlobal gücünü möhkəmləndirmək üçün istifadə edir, eyni zamanda məsuliyyəti avropalı tərəfdaşların üzərinə ataraq xərcləri azaltmağa çalışır. Rusiya Ukraynanın neytral statusu və onun demilitarizasiyası ilə bağlı 2022-ci il müqavilələrinə əsaslanan konstruktiv təkliflərə açıqdır, lakin Ukrayna rəhbərliyinin legitimliyi ilə bağlı hüquqi məsələlər öz həllini tapmalıdır”.

ReAL Partiyasının sədri, siyasi şərhçi Natiq Cəfərli "Sherg.az"a deyib ki, Ukrayna öz torpaqlarından heç vaxt imtina etməyəcək. Söhbət hələlik hərb yolu ilə torpaqların geri qaytarılması fikrindən imtina edilməsindən gedir. Partiya sədri bildirib ki, yəni Ukraynanın öz torpaqlarını müharibə yolu ilə geri qaytarmayacağına dair öhdəlik götürməsi məsələsi gündəmdədir:
 "Ukraynanın NATO-ya üzvlük məsələsinə gəldikdə, Prezident V.Zelenski özü bu yaxınlarda açıqladı ki, onları aldadırlar. Hər dəfə NATO-ya daxil olmaqla bağlı vədlər verirlər, amma qəbul etmirlər. Mənə elə gəlir ki, NATO-ya qəbul etmədən də Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi mümkündür. Əgər Rusiya rəhbərliyi hansısa atəşkəs anlaşmasını öz əhalisinə "qələbə" kimi satmağa çalışacaqsa, buna mane olmayacaqlar. Ukrayna ABŞ ilə hərbi əməkdaşlıq və strateji müttəfiqlik müqaviləsi imzalasa, bu, NATO üzvlüyündən daha ciddi addım sayıla bilər. Yaxud da digər Qərb ölkələri ilə müqavilələr imzalana bilər. Bunlar Ukrayna üçün təhlükəsizlik çətiri yarada bilər. Ona görə də burada Rusiyaya güzəştə gedilə biləcək ən asan və rahat hadisə məhz NATO məsələsidir. Burada güzəştə getmək mümkündür. Ukrayna ən 20 il hərbi alyansa üzv olmayacağının zəmanətini verir".

N.Cəfərli vurğulayıb ki, Ukraynanın heç bir siyasi hakimiyyəti öz torpaqlarını hüquqi cəhətdən Rusiya ərazisi kimi tanımayacaqlar. Bunu Rusiya da bilir:
 "Fikrimcə, Rusiyanın istəyi ondan ibarətdir ki, hələlik münaqişə dondurulandan sonra ilkin mərhələdə, heç olmasa, Krım məsələsini həll etsin. Yəni digər işğal olunmuş torpaqları yox, məhz Krımla bağlı hansısa hüquqi, yarıhüquqi qərarın çıxması Moskvanı kifayət qədər qane edə bilər. Çünki iqtisadiyyatda, sosial həyatda baş verən hadisələr Rusiya üçün böyük təhlükələr, problemlər yaradır. Kreml də bunu anlayır. Donald Trampın stili bir az fərqlidir. Tramp çox kəskin şərtlər irəli sürür və danışıqlar üçün bir təməl yaradır. Ondan sonra artıq özünün elan etdiyi məsələlərdə güzəşt etməklə qarşı tərəfdən güzəşt qoparır. Yəni hələ həyata keçirilməyən məsələləri belə alver predmetinə çevirir. O səbəbdən düşünürəm ki, atəşkəslə bağlı məsələnin həlli o qədər də uzaq perspektiv deyil. Amma atəşkəsdən sonra hansı prosesin başlayacağı Ukraynaya veriləcək təminatlardan asılıdır. Əgər Ukrayna həqiqətən böyük dövlətlərin təhlükəsizliklə bağlı təminatını ala bilsə, heç NATO-ya girməsə də olar".