Əksinə, bu təhlükə Ukrayna müharibəsindən sonra yəqin ki, bir az da artacaq
“Türk dövlətləri bunu nəzərə almaq məcburiyyətindədir. Bu cür təhlükələrdən qorunmaq üçün türk dövlətlərinin daha sıx birləşməsinə ehtiyac var”
Ölkə başçısı İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda bildirib ki, Azərbaycanda Türk dünyası ölkələrinin rəsmi Zirvə toplantısı keçirilə bilər. Dövlət başçısı deyib ki, biz ötən yay Şuşada ilk qeyri-formal Zirvə toplantısına başladıq: "Çünki həmkarlarıma dedim ki, ildə bir dəfə toplaşmaq kifayət deyil. Gəlin il də iki sessiya keçirək. Beləliklə, həmin təşəbbüs dəstəkləndi və artıq ənənə mövcuddur". Prezident görüşlə bağlı dəqiq tarix söyləməyib: "Ola bilsin, gələn ay görüş olsun. Tarixlər hələ müəyyən edilməyib. Lakin çox güman ki, gələn ay ikinci qeyri-rəsmi Zirvə görüşümüz olacaq və sonra isə Azərbaycanda rəsmi Zirvə toplantısı keçiriləcək".
"Alyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov "Sherg.az"a deyib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının lokomotiv dövlətlərdən biridir. Siyasi şərhçi vurğulayıb ki, bir çox mühüm qərarların qəbul olunmasında Azərbaycan və onun Prezidenti təşəbbüskar kimi çıxış edib:
"Yaxud ən mühüm qərarlar Azərbaycanda keçirilən tədbirlərdə qəbul olunub. Türk dövlətləri başçılarının qeyri-rəsmi sammiti mühüm əhəmiyyətə malik bir tədbirdir. Bu, dövlət başçılarının daha da yaxınlaşmasına, bir-birini daha yaxından tanımasına gətirib çıxarır. Belə qeyri-rəsmi tədbirlərə bütün dünyada böyük əhəmiyyət verilir. Azərbaycan Prezidenti təcrübəli siyasətçi kimi bu cür təşəbbüs irəli sürməklə türk dövlətlərinin liderlərini daha da yaxınlaşdırmaq istəyir. Məlumdur ki, müəyyən reallıqlar bu birliyə daxil olan dövlətlərin daha da yaxınlaşmasına mane olur. Unutmamışıq ki, türk dövlətlərinin liderlərinin görüşlərində ölkə rəhbərləri rus dilində çıxış edirdilər. Türkiyə istisna olmaqla, digər türk dövlətləri Sovetlər İttifaqından ayrılmış dövlətlərdir. Xoş olmasa da, bu bir reallıq idi. Ona görə də tədricən türk dövlətləri, türk dövlət başçıları ortaq türk dilinin yaradılması zərurətini qeyd etməyə başladılar".
A.Səmədov qeyd edib ki, hər türk dövlətinin özünəməxsus problemləri var, təhlükələr mövcuddur:
"Əgər Mərkəzi Asiyanın türk dövlətləri ilk növbədə özünü Rusiya təhlükəsindən qorumağa çalışır və bu məqsədlə TDT-də təmsil olunurlarsa, digər tərəfdən Çinlə əməkdaşlığa üstünlük verirlər. Bu əməkdaşlığın türk dövlətlərini müəyyən qədər qoruyacağına ümid edirlər. Təəssüf ki, Rusiya təhlükəsi sovuşmayıb. Əksinə, bu təhlükə Ukrayna müharibəsindən sonra yəqin ki, bir az da artacaq. Türk dövlətləri bunu nəzərə almaq məcburiyyətindədir. Bu cür təhlükələrdən qorunmaq üçün türk dövlətlərinin daha sıx birləşməsinə ehtiyac var. Eyni zamanda, iqtisadi əməkdaşlığın genişlənməsi tələb edir ki, türk dövlətləri bunun yollarını axtarsınlar. Türk dövlətləri arasında iqtisadi əməkdaşlıq bizi qane edə bilməz. Daha sıx əməkdaşlığın yolu ilk növbədə dövlət başçılarının rəsmi, yaxud qeyri-rəsmi sammitlərdən keçir. Qeyri-rəsmi sammitlər bu cür məsələlərin həllində hazırlıq rolunu oynayır və bu səbəbdən çox mühüm əhəmiyyətə malikdir".