Böyük Britaniyanın elmi akademiyası olan “Royal Society” qeyd edir ki, bu ölkədə xarici alimlər üçün viza haqları digər aparıcı elmi ölkələrlə müqayisədə 17 dəfə bahadır. Bu da əsasən dövlət səhiyyə sistemindən istifadə üçün əvvəlcədən ödənilən ödənişlə bağlıdır.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Şotlandiyada yerləşən xərçəng araşdırmaları laboratoriyasının rəhbəri Ed Roberts yüksək viza xərcləri səbəbindən beynəlxalq mütəxəssisləri cəlb etməkdə çətinlik çəkdiyini bildirib. Onun sözlərinə görə, bu səbəbdən laboratoriyaya baş elmi işçi tapmaq üçün bir ildən çox vaxt sərf olunub.
Elm adamları, hüquqşünaslar və siyasətçilər bildirirlər ki, bu xərclər Böyük Britaniyanın qlobal səviyyədə fitri-istedadlar cəlb etməsinə mane olur və Baş nazir Kir Starmer-in iqtisadi artım missiyasını zəiflədir.
ABŞ-də elmi araşdırma fondlarının azaldılması fonunda, britaniyalı mütəxəssislər bu məhdudiyyətlərin əks təsir göstərə biləcəyindən narahatdırlar.