Rusiya ABŞ-nin İranla savaşını əngəlləməyə çalışır -ANALİTİK

Çünki İrana qarşı müdaxilə dünya neft bazarında təlatümə, həmçinin böyük qaçqın kütləsinin əmələ gəlməsinə səbəb olar

“ABŞ İranla problemi maksimum özbaşına həll etmək istəyir. Ancaq Rusiyanın İrana təzyiqi göstərir ki, Tehran və Vaşinqton arasında vasitəçisiz danışıqlar mümkün deyil”

“İranla ABŞ arasında müharibə ssenarisi bütün region üçün dəhşətli nəticələrə gətirib çıxara bilər”. Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Dövlət Dumasında etdiyi çıxışı zamanı deyib. Rudenko vurğulayıb ki, Rusiyanın yeni bir məsələnin həlli prosesinə sürüklənməsini istəmirlər: "Ancaq belə bir ehtimal hələ də mövcuddur. Bununla bağlı hökumətimiz lazım olanı edəcək". O, eyni zamanda əlavə edib ki, müqavilədə İranla hərbi ittifaq və ya qarşılıqlı hərbi yardım nəzərdə tutulmur: "Bununla belə, müqavilədə belə bir bənd var ki, Rusiya və İran təcavüzkar ölkəyə hücuma məruz qalacağı təqdirdə ona hərbi dəstək verməyəcək. Ona görə də belə bir ssenarinin olacağı təqdirdə Rusiya İrana hərbi dəstək verməyə borclu deyil". Bununla belə, A.Rudenko bildirib ki, Moskva danışıqlarda ABŞ və İrana dəstək verməyə hazırdır. 


Politoloq Zeynal Əmrəliyev "Sherg.az"a deyib ki, Kreml ABŞ və İran arasındakı fikir ayrılıqlarının aradan qaldırılması üçün mümkün olan hər şeyi etməyə hazır olduğunu açıqlayıb. Analitik vurğulayıb ki, Moskvanın bu təklifi Vaşinqtonu Tehranı nüvə proqramı ilə bağlı danışıqlara başlamağa çağırdığı, əks halda hərbi əməliyyatlara əl atacağı ilə hədələdiyi bir vaxta təsadüf edir:
 "Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, biz iranlı həmkarlarımızla daimi məsləhətləşmələr aparırıq. Tehran dünən Ağ Evin birbaşa danışıqlar təklifini yenidən rədd edərək, yalnız vasitəçi təmaslara hazır olduğunu vurğulayıb. Rusiyanın vasitəçilik təklif etməkdə 2 əsas məqsədi məqsəd var. Birincisi, Rusiya ABŞ-nin Ukrayna üzrə danışıqlarda vasitəçi rolunu tarazlamaq istəyir. Moskvada yaxşı başa düşürlər ki, əgər ABŞ-nin vasitəçiliyi ilə sülh əldə edilərsə, bu zaman Vaşinqton öz maraqlarının sülh müqaviləsində əks olunmasını təmin edəcək. Digər tərəfdən Rusiya ABŞ qarşısında iqtisadi güzəştlərə getməyə məcbur ola bilər".

Z.Əmrəliyevin qənaətincə, başqa bir məsələ bundan sonra Rusiyanın ABŞ qarşısında diplomatik zəiflik yaşamasıdır: 
"Donald Tramp hər nə qədər rəsmi Moskvanın mənafeyini müdafiə etsə də, Rusiya postsovet məkanındakı bir ölkə ilə arasında vasitəçinin ABŞ olmasını istəmir. Rəsmi Moskvanın vasitəçiliyə həvəsli olmasının ikinci səbəbi isə İrana müdaxilənin Rusiyaya sərf etməməsidir. Sərhədləri daxilində böyük müharibə onsuz da iqtisadi vəziyyəti gərgin olan Rusiyanın daha pis vəziyyətə düşməsinə şərait yaradar. Eyni zamanda İrana qarşı müdaxilə dünya neft bazarında təlatümə, həmçinin böyük qaçqın kütləsinin əmələ gəlməsinə səbəb olar. Bunlar Moskvaya sərf etmir. ABŞ İranla problemi maksimum özbaşına həll etmək istəyir. Ancaq Rusiyanın İrana təzyiqi göstərir ki, Tehran və Vaşinqton arasında vasitəçisiz danışıqlar mümkün deyil".