Tramp indiki müharibədə Ruzveltin səhvini təkrarlasa, Rusiya fövqəldövlət olacaq
Rusiyanın hərbi gücü artıq işğal öncəsi dövrlə müqayisədə yalnız bir kölgə olaraq qalır. Müharibədə qələbə qazanmaq üçün əsas rol oynayan Rusiyanın mexaniki qoşunları “qanı çəkilmiş” vəziyyətdədir, onların sərəncamında isə muzey səviyyəli hərbi yük maşınları, mülki avtomobillər, mikroavtobuslar, yolsuzluq texnikaları və motosikletlər var. Amerikalı analitik Devid Aks qeyd edib ki, belə texnika və silahların mövcudluğu qələbəyə hazır olan bir gücün göstəricisi deyil. Ekspert vurğulayıb ki, Rusiya qalib gəlmək üçün Ukraynanın hazırda işğal etdiyi 20 faizindən daha böyük hissəsini ələ keçirməyə çalışır: "Ən azından, Rusiya Ukraynanın şərqində yerləşən ən böyük vilayətlər – Donetsk və Luqansk üzərində nəzarəti möhkəmləndirməlidir. Amma hətta bu nisbətən mülayim hədəfə çatmaq üçün də hələ onlarla mil məsafə qalır". O bildirib ki, Rusiya və Şimali Koreya qoşunları üçün bu onlarla kilometrlik irəliləyiş getdikcə daha da çətinləşir. Aksın fikrincə, bu cür imkanların reallaşması ehtimalı çox azdır, çünki Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi artıq 38 aydır davam edir.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Rusiya Ukraynada 30 günlük atəşkəslə razılaşmır, işğalı və hücumu genişləndirir. Ekspertə görə, Rusiya yalnız öz şərtləri əsasında atəşkəsə gedəcəyini qeyd edir:
"Bununla Ukrayna və Şərqi Avropanı öz nüfuz dairəsinə daxil etməyi planlaşdırır. İkinci Dünya müharibəsində ABŞ Prezidenti Ruzvelt Şərqi Avropanı SSRİ-yə güzəştə getdiyi kimi V.Putin də D.Trampı eyni ssenari ilə güzəştə razı salmağa çalışır. Putinin əsas tələbi ABŞ qoşunlarını Şərqi Avropadan çıxartmaq və NATO-nu regiondan uzaqlaşdırmaqdır. Yəni 1997-ci il sərhədlərinə çəkməkdir. Bununla da, Şərqi Avropa və Ukrayna Rusiyanın orbitinə daxil olacaq. Trampın Polşadan amerikalı hərbiçiləri çıxarma planı məhz Kremlin təklifi ilə razılaşmasının nəticəsi idi. Tramp İkinci Dünya müharibəsinin nəticələrinə uyğun olaraq indiki müharibədə Ruzveltin səhvini təkrarlasa, Rusiya fövqəldövlət olacaq. İkinci Dünya müharibəsinin qalibiyyətlə bitməsində Böyük Britaniyanın Baş naziri Çörçilin rolu olmuşdu. Amma Çörçili Ruzvelt dinləmədi, qələbəni Stalinin ayağına yazdı. Tramp Böyük Britaniyanın Baş naziri K.Staymeri dinləməməklə, Putinin Ukraynada həlledici qələbə əldə etməsinə şərait yarada bilər".
M.Əsədullazadəyə görə, nəticədə Rusiya prezidenti təkcə Şərqi Avropanı deyil, Cənubi Qafqaz və Mərkəzi Asiyanı da öz təsir dairəsinə daxil etməyə çalışacaq:
"ABŞ və Rusiya arasında aparılan danışıqlar effektiv deyil. Ukrayna ilə bağlı ortaq məxrəcə gəlinməsi gözlənilmir. Tərəflər onda razılaşa bilər ki, bir tərəf güzəştə getsin. Tramp Ukrayna və Şərqi Avropanı güzəştə getməyə hazırdır. Amma əvəzində Putin Trampa təklif vermir. Həmçinin, Avropa ölkələrinin mövqeyi Trampın güzəştinə mane olur".