İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmayıl Ould Şeyx Əhmədi qəbul edib.

Sherg.az xəbər verir ki, Prezident İlham Əliyev İsmayıl Ould Şeyx Əhmədin İslam Əməkdaşlıq Təşkilatının Baş katibi vəzifəsinə seçildikdən sonra Azərbaycana səfər etməsinin əhəmiyyətinə toxunub, bunu ölkəmizlə Təşkilat arasında güclü tərəfdaşlığın nümunəsi kimi qiymətləndirib. Dövlət başçısı Azərbaycanın həmişə İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olduğunu deyərək, bunun gələcəkdə də davam edəcəyini vurğulayıb. Təşkilat çərçivəsində ölkəmizdə bir çox siyasi, iqtisadi, idman tədbirlərinin təşkil olunduğunu xatırladan Prezident İlham Əliyev gələn il Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi edəcəyini deyib və bu tədbirə fəal hazırlıq işlərinin getdiyini bildirib.

Prezident İlham Əliyev ölkəmizdə İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu xatırladıb.

Dövlət başçısı ölkəmizin bundan sonra da İslam həmrəyliyinin möhkəmləndirilməsinə, dinlər və mədəniyyətlər arasında qarşılıqlı anlaşmaya, təhlükəsizliyə və sabitliyə töhfə vermək üçün səylərini əsirgəməyəcəyini deyib.

İsmayıl Ould Şeyx Əhməd qəbula və İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətinə verdiyi dəstəyə görə dövlət başçısına minnətdarlığını bildirib. O, Baş katib vəzifəsinə seçiləndən sonra ilk səfərlərindən birini Azərbaycana etməsindən məmnun olduğunu deyib. İndiyədək bir neçə dəfə ölkəmizdə olduğunu qeyd edən qonaq burada gördüyü inkişaf proseslərini vurğulayıb və bu münasibətlə təbriklərini çatdırıb.

İsmayıl Ould Şeyx Əhməd İslam Əməkdaşlıq Təşkilatının Baş katibi kimi Azərbaycanla birlikdə çalışaraq Təşkilatın beynəlxalq nüfuzunun, həmçinin İslam həmrəyliyinin daha da möhkəmləndirilməsi istiqamətində səylərini artıracağını deyib.

Baş katib İsmayıl Ould Şeyx Əhməd Ulu Öndər Heydər Əliyevin xatirəsinə olan ehtiramını ifadə edərək, Ümummilli Liderin Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin genişləndirilməsində xidmətlərini xatırladıb. Qonaq ölkəmizin İslam dünyasında və İslam həmrəyliyinin gücləndirilməsində mühüm rolunu qeyd edib.

Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdiyini deyən İsmayıl Ould Şeyx Əhməd qarşıdan gələn Zəfər Günü ilə bağlı dövlət başçısına təbriklərini çatdırıb. O, həmçinin regionda sülhün bərqərar olmasında Azərbaycan Prezidentinin səylərini dəstəklədiklərini deyib.

Söhbət zamanı İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində media sahəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub, dezinformasiyaya qarşı üzv ölkələrin birgə səyləri ilə mübarizənin vacibliyi vurğulanıb və Azərbaycanın sədrliyi dövründə həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparılıb.