Millət vəkilinin də oğlunun həbsi qanunun aliliyini təsdiq edir - Novella Cəfəroğlu

  • “Ölən gəncin ailəsini də düşünmək lazımdır”

Bakının Xətai rayonunda restoranda 43 yaşlı kişinin bıçaqlanaraq öldürülməsi ilə bağlı 11 nəfər saxlanılaraq həbs edilib. Hadisə oktyabrın 23-də saat 00:10-da General Şıxlinski küçəsində yerləşən restoranlardan birində baş verib. Ceyhun Mirağayev aldığı bıçaq xəsarətlərindən ölüb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə istintaq qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin planlı şəkildə təşkilində iştirak etdikləri müəyyən olunan Ramil Dadaşov, Eldar Eldarov, Əhməd Əlizadə, İsmayıl Kazımov, Həsən Zülfüqarov, Fərid Əyyublu, Xəyyam Səfixanov, Mikayıl İsmayılov, Kamran Əfəndiyev, Elvin Səfərov və Elmar Nuriyev həbs ediliblər. Oktyabrın 25-də Xətai Rayon Məhkəməsinin qərarı ilə Kamran Əfəndiyev, Mikayıl İsmayılov, Ramil Dadaşov, Eldar Eldarov və Həsən Zülfiqarov barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib. Yayılan məlumata görə, onlara cinayətkar birlik və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı maddələr üzrə ittihamlar irəli sürülüb.

Nizami Rayon Məhkəməsi isə Əhməd Əlizadə barəsində dörd aylıq həbs qətimkan tədbiri seçib. Onun da cinayətkar birlik və narkotik vasitələrlə bağlı əməllərdə təqsirləndirildiyi bildirilir. Qeyd edək ki, Əhməd Əlizadə millət vəkili Arzuxan Əlizadənin oğludur. 

Deputatn oğlunun həbsi kimsənin qanundan kənar olmadığının göstəricisi hesab edilə bilərmi? 

D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri, ictimai xadim və hüquq müdafiəçisi Novella Cəfəroğlu Sherg.az-a açıqlamasında qanunun aliliyinin üstün tutulduğunu söylədi: 

- Millət vəkilinin də oğlunun həbsi, qanunun aliliyini təsdiq edir. Qanun hamı üçün eynidir, bərabərdir. Kim olursa olsun. Arzuxan Əlizadəni illərdir tanıyıram. Çox ədalətli və tərbiyəli insandir. Hər bir ailədə belə bir faciə ola bilər. Bu, birinci, ailənin faciəsidir, istintaq təsdiq etsə ki bu oğlanən ölümündə Əhməd Əlizadənin də iştirakı var, sözsüz cəzasını almalıdırı. Mən inanıram ki Arzuxan bəy özü də bu qərarı verər, çünki o, ölən gəncin ailəsini də fikirləşməlidir. Hamı da bilməlidir ki qanun hamı üçündür, hamıya aiddir.