Nüfuzlu “Newsweek” jurnalı dünyanın ABŞ, Çin və Rusiyanın maraq dairəsinə bölünəcəyini əks etdirən xəritə dərc edib. Jurnal bu 3 ölkə arasında şahmat oyununa bənzər mübarizə getdiyini yazıb. Nəşrin bölgüsünə görə, Çinin təsir dairəsi Cənub-Şərqi Asiyanı, o cümlədən Pakistan, Hindistan və Yaponiyanı əhatə edəcək. ABŞ “Monro doktrinasına” görə Şimali Amerikaya, o cümlədən Qrenlandiyaya hakim olacaq. Dərginin Rusiyaya verdiyi “pay” da maraqlıdır. Jurnalın məntiqinə görə, Avropanın tamamı, Türkiyə və Cənubi Qafqaz ölkələri Rusiyanın təsir dairəsində olacaq. Maraqlıdır ki, məqalədə Mərkəzi Asiya, Yaxın Şərq, o cümlədən Afrika, Avstraliya və Cənubi Amerika ABŞ, Çin və Rusiya arasında bölüşdürülməyib.
Politoloq Zeynal Əmrəliyev "Sherg.az"a deyib ki, Çinə veriləcək ərazilərdə bu ölkə ilə rəqib olan, həmçinin ABŞ-nin yaxın müttəfiqi olan Yaponiyanın olması maraq doğurur. Ekspert bildirib ki, rəsmi Tokio bir müddətdir ki, Çinin öz sahillərində keçirdiyi təlimlərə görə NATO-dan müstəqil yeni hərbi qurumun qurulmasını təklif edir:

"Ancaq Vaşinqton bunda maraqlı deyil. Sadəcə, Yaponiyaya bir qədər də çox hərbi dəstəyi artırmaqla cavab verdi. Yaponiya ilə bərabər Hindistan da Çinlə münasibətlərində sərinlik yaşayır. Dehli və Pekin Cənubi-Şərqi Asiya bölgəsini ələ keçirmək və bölgənin əsas gücü olmaq uğrunda uzun müddətdir ki, mübarizə içindədir. Okeanlarda hökmranlığını qoruyub saxlayan Hindistan Çinin iqtisadi böyüməsinə ABŞ-dən əngəl yaradan ikinci ən böyük ölkədir. Çinin mövqeləri son zamanlar güclənsə də, Hindistanı da hələ ki məğlub saymaq olmaz. Jurnalın ABŞ-yə verdiyi ərazilərə onsuz da Donald Tramp hakimiyyətə gəldikdən sonra bu ölkə iddia edir. Şimali Amerika, yəni Kanada, həmçinin Qrelandiya hazırda da Vaşinqtonun əsas hədəfidir. Lakin onların ələ keçirilməsi ilə bağlı ciddi təşəbbüsü var. Kanada NATO üzvüdür, Qrelandiya isə NATO və Avropa Birliyinə üzv olan Danimarkaya məxsusdur. Bu baxımdan Vaşinqtonun konkret onlarla bağlı hərəkətə keçəcəyini gözləmək bir qədər düşündürücüdür".
Z.Əmrəliyevə görə, Avropanın tamamının və Türkiyənin Rusiyaya verilməsi isə maraqla qarşılanır:
"Trampın hakimiyyətə gəlməsindən sonra ABŞ-nin Avropadan əl çəkməsi Çinin "qoca qitə" də möhkəmlənməsinə səbəb olub. Avropa ölkələrinin bir çoxu Ukrayna ilə müharibə fonunda əksinə, Rusiyadan daha da uzaqlaşırlar. Türkiyə isə NATO üzvü və ABŞ-nin ən böyük müttəfiqidir. Hazırda Ankaranın Moskva ilə münasibətləri müsbət olsa da, nəzərə alaq ki, Türkiyə uzun illərdir Qərbin bölgədəki əsas tərəfdaşıdır. Mərkəzi Asiya və Yaxın Şərqin bölüşdürülmədən kənarda saxlanması isə bu bölgələrdə uzun müddətdir ciddi rəqabətin getməsinə görədir. Həqiqətən də hər 3 dövlətin təsiri adı çəkilən regionda hazırda güclüdür. Ancaq "Newsweek"in bu yanaşması hazırkı beynəlxalq münasibətlər sisteminin tənəzzülü və dünyanın yenidən bölüşdürülməsi barədə böyük dövlətlər arasında yeni mübarizənin başlandığı gerçəyini ortaya qoyur".