
Ukrayna istəyir ki, 9 May qələbə paradına yox, fiaskoya çevrilsin -RƏY
"Rusiyalıların hava hücumundan müdafiə vasitələri kifayət etmir, buna görə də 9 May paradının təhlükəsizliyi üçün HHM sistemlərinin Moskvaya gətirilməsi onu göstərir ki, onlar hansısa vacib hərbi obyektin yaxınlığında döyüş növbətçiliyindən çıxarılır". Bunu ukraynalı hərbi ekspert Pavel Narojnı deyib. O bildirib ki, Ukrayna bu vəziyyətdən yararlanmalıdır: "Bu, Ukrayna üçün çox əlverişli vəziyyətdir ki, düşmənin sırf hərbi hədəflərinə zərbə endirsin. Çünki həmin obyektlər hava hücumundan müdafiə sistemlərinin Moskvaya köçürülməsi səbəbindən müdafiəsiz qalacaq". Məlumata görə, ruslar 9 May paradının təhlükəsizliyini təmin etmək üçün 280 ədəd HHM sistemini Moskva ətrafına toplayır. Bu texnika xüsusilə Kazan və Qroznıdan gətirilir. Moskvanın hava hücumundan müdafiəsi üçün dördqat sistem yaradılır. Narojnı vurğulayıb ki, Ukrayna ordusu mülki şəxslərə atəş açmır, ona görə də paradın keçirildiyi əraziyə zərbə endiriləcəyi gözlənilmir. Lakin həmin vaxt hərbi obyektlərə hücum ehtimalı realdır. Ekspert bildirib ki, Rusiyada böyük radiuslu sistemlər, yəni S-300 və S-400-lər rus ordusunun istifadəsindədir. Onların öz ərazisini tam şəkildə qoruması üçün minlərlə belə sistemə ehtiyacı var. Hesablamalara görə, bu ehtiyac 1200-1300 ədəd arasındadır. Amma rusların ən yaxşı halda 200 ədədə yaxın sistemi var.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski faşizm üzərindəki qələbənin 80-ci ildönümünün qeyd edilməsi ilə bağlı Rusiyanın müvəqqəti atəşkəs təklifini rədd edib. Zelenski deyib ki, Kiyev mayın 9-da Moskvaya parad üçün gələcək xarici nümayəndə heyətlərinin təhlükəsizliyinə zəmanət verə bilməz. Ukrayna Rusiya prezidentinin mayın 9-da beynəlxalq təcriddən çıxmasına imkan verəcək əlverişli atmosferin yaradılmasında iştirak etmək niyyətində deyil. O, həmçinin deyib ki, Ukraynanın mayın 9-da Rusiyaya səfər etmək niyyətində olan ölkələrlə bağlı mövqeyi birmənalıdır: "Biz Rusiya Federasiyasının ərazisində baş verənlərə görə məsuliyyəti öz üzərimizə götürə bilmərik. Təhlükəsizliyi təmin etmək onların məsuliyyət sahəsidir".
Politoloq Natiq Miri Sherg.az-a açıqlamasında deyib ki, 9 may günü Kreml meydanında keçirilməsi nəzərdə tutulan paradda mülki şəxslər olacaq. Ekspert bildirib ki, ruslar öz dövlətlərinin hərbi qüdrətini görmək üçün maraq göstərirlər:

"Rusiya avtoritar ölkə olduğu üçün büdcədən maliyyələşdirilən bütün təşkilatların işçilərini, yəni parada getmək istəməyənləri də zorla meydanlara gətirirlər. Ona görə də mülki şəxslərin parad zamanı zərər görməməsi üçün Ukraynanın 9 may günü Moskvanı, parad meydanını hədəf alacağı inandırıcı deyil. Ukrayna belə bir addım atmayacaq. Əlbəttə, Ukrayna dəfələrlə bəyan edib ki, Kreml meydanını raketlərlə vurmaq imkanına sahibdir. Ancaq Ukrayna rəhbərliyini və ordusu işğalçı Rusiyadan fərqləndirən cəhət məhz imkanı olduğu halda belə bir addım atmamasıdır. Ukrayna dövləti heç zaman mülki şəxslərlə müharibə aparmayıb. Lakin hərbi obyektlər, hərbçilər təbii ki, legitim hərbi hədəflərdir. O baxımdan PUA-lar və digər raketlər vasitəsilə Moskvaətrafı hərbi obyektlərin, xüsusən hərbi sənaye kompleksinə aid olan müəssisələrin, silah anbarlarının vurulma ehtimalı çox böyükdür. Amma yenə deyirəm, bu hücumlar 9 may günü olmaya bilər. Çünki Ukrayna Rusiyanın "mülki şəxslər vuruldu" ittihamı ilə üz-üzə qalmaq istəmir. Ona görə də zərbələr mayın 7-8 tarixlərində olacaq. Digər dövlət başçılarının da iştirak edəcəyi parad meydanının birbaşa hədəf alınması Ukrayna üçün arzuolunmaz situasiya yaradar. Ukrayna haqlı olduğu təqdirdə, tamamilə haqsız vəziyyətə düşər".
N.Miri əlavə edib ki, Ukrayna tərəfinin hədələri çəkindirici mahiyyət daşıyır:
"Kiyev parada gedəcək dövlət rəhbərlərini öz fikirlərindən daşındırmağa çalışır. Artıq bunun nəticələri var. Hindistanın baş naziri Pakistanla qarşıdurmanı bəhanə edərək paradda iştirakdan imtina edib. Serbiyanın dövlət başçısı Vuçiç rusların dostu olmasına baxmayaraq, xəstəliyi əsas gətirərək parada gəlməyəcəyini söyləyib. Slovakiyanın rusyönlü rəhbərliyi də Moskvaya getməyəcəyini açıqlayıb. Ermənistan Baş naziri Nikol Paşinyan da parada getmək barədə yekun qərarını verməyib. İki-üç gün ərzində bu cür imtinaların sayı daha da artacaq. Əslində, Ukraynanın əsas istəyi də bundan ibarətdir ki, 9 may paradı qələbə paradına yox, fiaskoya çevrilsin. Belə olarsa, bu, Kremlin əleyhinə işləyən bir durum olacaq. Bir məqamı da vurğulayım ki, parada gətiriləcək havadan müdafiə sistemləri, tanklar, digər texnikalar cəbhədə Ukraynaya yeni imkanlar açır. Bəlkə də, Ukrayna "Moskvanı vuracağıq" iddiaları ilə diqqəti cəbhədən yayındırmağa çalışır. Ukrayna ordusu əks-hücuma keçərək itirdiyi ərazilərin bir hissəsini azad edə bilər".