PKK silahları təhvil verir, amma ideoloji iddialar qalır -Politoloq

Qaranlıq qalan və cavabı məlum olmayan suallar çoxdur
“Yeganə narahatlıq yaradan nüans odur ki, PKK əlində olan silahları gizlətsin və regionda "qurucusu" olacağı yeni bir terror təşkilatına ötürsün
 Bu il fevralın 27-də PKK terror təşkilatının rəhbəri Abdullah Öcalan “silahı buraxın” çağırışı etmişdi. Üstündən 2 ay yarım keçəndən sonra PKK-nın özünü buraxması barədə bəyanat verməsi bu prosesin kifayət qədər çətin başa gəldiyini deməyə əsas verir. Görünür, ötən müddət ərzində Türkiyə terrorçulara baş qaldırmağa, manevr etməyə zərrə qədər də imkan verməyib. Ona görə də PKK terror təşkilatı 4 maddəlik bəyanatla özünü buraxmaq zərurətini yerinə yetirib. 
Politoloq Mütəllim Rəhimov Sherg.az-a deyib ki, bəyanatın təhlili göstərir ki, PKK bundan sonra siyasi və hüquqi çərçivədə mübarizə aparacaq. Ekspertə görə, buradakı "hüquq" ifadəsi onun Türkiyənin ərazi bütövlüyünə qarşı fəaliyyətini qadağan edir, Türkiyə dövlətinin qanunlarına tabe olmaq öhdəliyi yaradır: 
"Bəyanatın mətnindən də görünür ki, Türkiyəyə qarşı siyasi qarşıdurmaya da son qoyacaq. Yeganə narahatlıq yaradan nüans odur ki, PKK əlində olan silahları gizlətsin və regionda "qurucusu" olacağı yeni bir terror təşkilatına ötürsün. Türkiyədə olan silahların təhvil verilməsi ilə bağlı ortaq komitənin yaradılması bu qorxunu azaltsa da, digər ölkələrdə - İraq, İran və Suriyadakı silahlar məsələsinə aydınlıq gətirilmir. Qaranlıq qalan və cavabı məlum olmayan sual budur ki, PKK-ya onun ideyaları və iddiaları ilə birlikdə tamamilə son qoyuldumu? İllərlə təşkilatlanmış və silahlanmış siyasi üzünün də olduğunu iddia edən bir terror təşkilatı, doğrudanmı, heç bir iddia irəli sürmədən ləğv olunur? Bəyanatın 1-ci bəndində açıq şəkildə bildirilir ki, PKK bundan sonra siyasi və hüquqi yollarla mübarizə aparacaq. Deməli, bu terror təşkilatı siyasi müstəviyə transfer olunmaqdadır. Belə çıxır ki, PKK terrorizmdən əl çəkir və öz məqsədlərini siyasi və hüquqi yollarla reallaşdırmağa çalışacaq. Əsas təhlükə azalsa da, ancaq tamamilə yox olmayıb. Bütün hallarda bu, Türkiyə üçün uğurlu bir nəticədir".