ABŞ-də Konqres seçkilərində 5 milyondan çox insan vaxtından əvvəl səs verib

ABŞ-də noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərində 5 milyondan çox seçici artıq səsvermə hüququndan istifadə edib.

Teleqraf xəbər verir ki, bu barədə "NBC News" telekanalı məlumat yayıb.

Telekanalın açıqladığı statistikaya əsasən, indiyədək 5 milyon 84 min 13 amerikalı vaxtından əvvəl səs verib.

Onlardan 1 milyondan çoxu seçki məntəqələrində şəxsən iştirak edib, təxminən 4 milyon nəfər isə poçt vasitəsilə səsverməyə qatılıb.

Vaxtından əvvəl səsvermədə ən yüksək fəallıq Florida, Virciniya və Miçiqan ştatlarında qeydə alınıb.

Belə ki, Floridada 618 min, Virciniyada 568 min, Miçiqanda isə 523 min seçici artıq səs verib.

Qeyd edək ki, noyabrın 3-də ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərində Senatın 100 üzvündən 33-ü və Nümayəndələr Palatasının 435 üzvünün hamısı yenidən seçiləcək.

Hazırda Konqresin hər iki palatasına Respublikaçılar Partiyası nəzarət edir.