ABŞ-ın sabiq dövlət katibi Henri Kissincerin həyat yoldaşı Nensi Kissincer vəfat edib

ABŞ-ın sabiq dövlət katibi Henri Kissincerin həyat yoldaşı Nensi Kissincer 92 yaşında dünyasını dəyişib.

Sherg.az xəbər verir ki, Nensi Kissincer avqustun 20-də ABŞ-ın Konnektikut ştatındakı öz evində vəfat edib. Onun ölümünün dəqiq səbəbi açıqlanmayıb.

Nensi və Henri Kissincer təxminən 50 il evli olublar. Cütlük 1974-cü ilin martında Vaşinqton yaxınlığındakı Arlinqton şəhərində ailə qurub.

Nensi Kissincer həyat yoldaşını bir çox xarici səfərlərində, o cümlədən Sovet İttifaqına səfərlərində müşayiət edib.

Qeyd edək ki, Henri Kissincer 2023-cü ildə 100 yaşında vəfat edib. Uzun siyasi fəaliyyəti dövründə o, Rusiyaya dəfələrlə səfər edib və Rusiya Prezidenti Vladimir Putinlə on dəfədən çox görüşüb.