ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İranın kölgə donanmasına təzyiqi artırır.
"Report" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, kölgə donanması aldadıcı gəmiçilik sxemlərindən istifadə edərək İran nefti və neft məhsullarının ixracı ilə məşğuldur.
ABŞ-nin məhdudiyyətləri 29 gəmini və onları idarə edən şirkətləri əhatə edir. Nazirliyin məlumatına görə, bu gəmilər vasitəsilə yüz milyonlarla dollar dəyərində neft və neft məhsulları daşınıb. Bundan əlavə, misirli iş adamı Hatem Elsaid Farid İbrahim Sakra qarşı da sanksiyalar tətbiq edilib.
"Prezident Donald Trampın dəfələrlə bildirdiyi kimi, ABŞ İrana nüvə silahı əldə etməyə imkan verməyəcək. Maliyyə Nazirliyi ölkəni hərbi və silah proqramlarının maliyyələşdirilməsi üçün istifadə olunan neft satışından əldə edilən gəlirlərdən məhrum etməyi davam etdirəcək", - ABŞ Maliyyə Nazirliyinin terrorizm və maliyyə kəşfiyyatı məsələləri üzrə müavin naziri Con Hörli bildirib.