ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffin Rusiyaya gözlənilməz səfərinin məqsədi rəsmi olaraq açıqlanmayıb.
Sherg.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov səfərin xüsusi xidmət orqanları arasında təmaslarla bağlı olduğunu və Vladimir Putinlə görüşün planlaşdırılmadığını bildirib.
Hərbi müxbir Aleksandr Kots səfərlə bağlı beş əsas versiya irəli sürüb:
Kəşfiyyat məlumatları: ABŞ tərəfi Rusiyanın NATO-nun reaksiyasını sınağa çəkə biləcəyi ilə bağlı məlumatları müzakirə etmiş ola bilər.
Məhbus mübadiləsi: CIA-nın əvvəlki məhbus mübadilələrində rolunu nəzərə alaraq, səfərin yeni mübadilə ilə bağlı olduğu ehtimal edilir.
Yeni sülh planı: Retkliffin ABŞ-ın Rusiya-Ukrayna müharibəsi ilə bağlı yeni təkliflərini Moskvaya çatdırdığı istisna edilmir.
İran məsələsi: ABŞ-İran münasibətlərinin kəskinləşməsi fonunda Tehranın siyasəti və mümkün “qırmızı xətlər” müzakirə mövzusu ola bilər.
Kəşfiyyat xarakterli görüşlər: Kotsun fikrincə, ən real versiya Retkliffin danışıqlar aparmaqdan daha çox Rusiyadakı vəziyyəti və qarşı tərəfin mövqeyini birbaşa qiymətləndirmək üçün Moskvaya gəlməsidir.
Məqalədə 2021-ci ilin noyabrında CIA-nın keçmiş direktoru Uilyam Börnsün Moskvaya səfəri də xatırladılır. Börns həmin vaxt Rusiya xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşmüş, bir neçə ay sonra isə Rusiya-Ukrayna müharibəsi başlamışdı.
Kots hesab edir ki, CIA direktorunun hazırkı səfəri nə sülhün, nə də müharibənin göstəricisidir. Onun fikrincə, bu, adi diplomatik kanalların kifayət etmədiyi bir vəziyyətin yarandığını göstərir.