ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və onun kürəkəni, sahibkar Cared Kuşnerin də daxil olduğu Amerika nümayəndə heyəti Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı danışıqlar aparmaq üçün Berlindədir.
APA xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, nümayəndə heyəti dekabrın 14-ü səhər saatlarında Berlinin mərkəzində yerləşən otelə gəlib. ABŞ və Ukrayna nümayəndələri arasında danışıqlar Avropa ölkələrinin iştirakı ilə Berlində davam etdiriləcək. İlk mərhələdə danışıqlar siyasi müşavirlər səviyyəsində qapalı formatda keçiriləcək. Almaniya Federativ Respublikasının nümayəndələri də danışıqlarda iştirak edəcək.
Qeyd edək ki, dekabrın 12-də Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius bildirib ki, Almaniya kansleri Fridrix Merts dekabrın 15-də Berlində Ukrayna prezidenti Vladimir Zelenski ilə Ukraynadakı münaqişənin nizamlanması mövzusunda görüş keçirəcək. Bundan sonra müzakirələrə bir sıra Avropa İttifaqı və NATO liderlərinin də qoşulacağı gözlənilir. Bild qəzetinin məlumatına görə, “Avropa üçlüyü” (Almaniya, Böyük Britaniya və Fransa) formatında da danışıqlar planlaşdırılır.
Ukrayna ilə bağlı danışıqlar Vaşinqtonun noyabr ayında 28 maddəlik plan təklif etməsindən sonra intensivləşib. Kiyev və onun Avropadakı tərəfdaşları sənəddən narazı qalıb və onu ciddi şəkildə dəyişdirməyə çalışıblar.