ABŞ Daxili Təhlükəsizlik Nazirliyi qeyri-qanuni miqrantların deportasiyası, könüllü geri dönüş proqramları, tibbi təxliyə və fövqəladə əməliyyatlar üçün istifadə olunacaq dövlət aviasiya donanmasının idarə edilməsi məqsədilə podratçı axtarır.
Sherg.az xəbər verir ki, layihə çərçivəsində donanmaya yeddi ədəd Boeing 737-700 və ya analoji təyyarə, həmçinin iki uzaqmənzilli Gulfstream G650ER/C-37B təyyarəsinin daxil edilməsi nəzərdə tutulur.
Hazırda ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti (ICE) deportasiya uçuşlarını əsasən özəl şirkətlərin çarter reysləri ilə həyata keçirir. Yeni aviasiya donanmasının isə sutka ərzində fasiləsiz fəaliyyət göstərməsi və həm ölkə daxilində, həm də beynəlxalq marşrutlarda istifadə olunması planlaşdırılır.
ABŞ hakimiyyəti hesab edir ki, bu təşəbbüs deportasiya prosesini sürətləndirəcək və dövlət büdcəsinə ildə təxminən 279 milyon dollar qənaət etməyə imkan verəcək.