ABŞ rəsmisi: Lukaşenko Putinlə dostdur, ona yaxşı məsləhətlər verə bilər

ABŞ-nin xüsusi nümayəndəsi Con Koul Minskdə Belarus prezidenti ilə danışıqlardan sonra jurnalistlərə bildirib ki, Aleksandr Lukaşenko Ukraynadakı münaqişənin həlli ilə bağlı yaxşı məsləhətlər verir.

Teleqraf xəbər verir ki, bu barədə "BelTA" məlumat yayıb.

"Mən sizin prezidentinizlə müxtəlif məsələlər barədə danışmışam. O, bizə kömək edir, Rusiya ilə Ukrayna arasındakı müharibə ilə bağlı nə etməli olduğumuza dair məsləhətlər verir", - deyə ABŞ rəsmisi bildirib.

Con Koul Lukaşenko ilə Rusiya Prezidenti Vladimir Putin arasındakı yaxşı münasibətlərin Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb:

"Prezidentinizin Prezident Putinlə uzun müddətdir ki, işgüzar münasibətləri var və ona məsləhət vermək qabiliyyətinə malikdir. Bu, indiki vəziyyətdə çox faydalıdır. Onlar uzun müddətdir dostdurlar və bəzi məsələləri müzakirə etmək üçün imkanları var. Təbii ki, Prezident Putin bəzi məsləhətləri qəbul edə, digərlərini isə qəbul etməyə bilər. Bu, prosesə kömək etməyin bir yoludur".