Ağ Ev ABŞ mediasının boykot fonunda “Tramp TV”ni işə salır

ABŞ Prezidenti Donald Tramp administrasiyasının bir sıra aparıcı media qurumları ilə qarşıdurması fonunda Ağ Ev “Tramp TV” adlı sutkalıq yayım platformasını işə salmağa hazırlaşır.

Sherg.az xəbər verir ki, Ağ Evin rəsmi YouTube kanalında “Trump TV: The Essentials Station” adlı yayım yerləşdirilib. Burada Tramp administrasiyasının əsas tədbirləri, çıxışları və videomaterialları təqdim olunacaq. Yayımın real vaxt rejimində yenilənəcəyi bildirilir.

Qeyd edək ki, bundan əvvəl Donald Tramp CNN, MS NOW və Politico müxbirlərinin Ağ Evə girişini məhdudlaşdırıb. Bunun ardınca bir sıra media qurumları və jurnalist təşkilatları administrasiyanı söz azadlığını təmin edən ABŞ Konstitusiyasının Birinci Düzəlişini pozmaqda ittiham ediblər.

Məlumata görə, Fox News, ABC, CBS, NBC, həmçinin New York Times və Washington Post Trampın iştirakı ilə keçirilən tədbirlərin işıqlandırılması və rəsmi materialların dərcindən imtina etdiklərini açıqlayıblar.