“Amerika bayrağı” fotosu diplomatiyanı bitirdi: Rubio və Tramp Qrenlandiyada...

ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubio ilə birlikdə Qrenlandiyada Amerika bayrağının sancıldığı bir foto yayımlayıb. Foto Trampın “Truth Social” hesabında paylaşılıb. Kadrlarda “Qrenlandiya, ABŞ ərazisi, 2026-cı ildən etibarən” yazılmış lövhə diqqət çəkir. ABŞ lideri paylaşımında bildirib ki, Vaşinqton adanın ilhaqı ideyasından geri çəkilmək niyyətində deyil. Bu paylaşım beynəlxalq ictimaiyyətdə Qrenlandiyanın statusu və ABŞ-nin Arktika siyasəti ilə bağlı yeni müzakirələrə səbəb olub.

Politoloq Tural İsmayılov Sherg.az-a açıqlamasında fotonun sadə piar gedişi olmadığını vurğulayıb:

"Donald Trampın vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubio ilə birlikdə Qrenlandiyada Amerika bayrağını əks etdirən foto yayımlaması, sadəcə bir siyasi piar gedişi deyil. Bu, Vaşinqtonun yeni xarici siyasət doktrinasının "ərazi ekspansiyası" elementini rəsmiləşdirmək cəhdidir. 2026-cı ili hədəf il kimi göstərən bu "vizual ultimatum", Tramp administrasiyasının ikinci dönəmində beynəlxalq münasibətləri klassik diplomatiyadan çıxarıb, daşınmaz əmlak bazarı və milli təhlükəsizlik maraqlarının kəsişdiyi yeni bir müstəviyə daşıdığını sübut edir.

​Trampın 2026-cı ildə bu niyyətini gerçəkləşdirib-gerçəkləşdirə bilməyəcəyi məsələsi üç əsas faktordan asılıdır: Arktika resursları üzərində rəqabət, iqtisadi təzyiqin effektivliyi və Danimarkanın daxili siyasi müqaviməti. ABŞ-nin fevralın 1-dən etibarən Avropa müttəfiqlərinə tətbiq edəcəyi 10 faizlik (gələcəkdə 25 faizə qədər artırılacaq) rüsumlar, əslində bu adanın satışı üçün tələb olunan "iqtisadi mühasirə" taktikasıdır. Vaşinqton bu yolla Kopenhageni və onun Avropa tərəfdaşlarını elə bir maliyyə dalanına dirəmək istəyir ki, Qrenlandiyanın verilməsi (və ya icarəsi) iqtisadi xilasın yeganə yolu kimi görünsün".

​Analitik geosiyasi baxımdan Marko Rubionun bu fotoda yer almasının təsadüfi olmadığını bildirib:

"Dövlət katibi kimi Rubio Arktikanı ABŞ-nin "arxa bağçası" və Rusiya-Çin ittifaqına qarşı strateji qalxan kimi görür. 2026-cı ildə adanın ilhaqı və ya genişmiqyaslı idarəçiliyi, ABŞ-yə həm "Şimal dəniz yolu" üzərində nəzarət, həm də nadir torpaq elementlərinin çıxarılmasında mütləq üstünlük verə bilər. Lakin beynəlxalq hüquq və Danimarka konstitusiyası bu prosesin qarşısında ciddi səddir. Danimarka üçün Qrenlandiya sadəcə bir torpaq parçası deyil, konstitusion bütövlüyün hissəsidir.

​Nəticə etibarilə, Trampın bu niyyəti 2026-cı ildə tam hüquqi ilhaqla nəticələnməsə də, adanın faktiki olaraq ABŞ-nin hərbi-iqtisadi protektoratlığına keçməsi ilə yekunlaşa bilər". 

Siyasətçinin sözlərinə görə "Amerika bayrağı" fotosu Vaşinqtonun artıq danışıqlar mərhələsini bitmiş hesab etdiyini göstərir.  

"Bu foto danışıqların icra mərhələsinə keçdiyini elan edir. Bu, soyuq müharibə dövründən bəri ən böyük ərazi dəyişikliyi cəhdi kimi tarixə düşə bilər və dünya güc balansını kökündən dəyişmək gücündədir".