Kiçik Donald Tramp Ukraynadakı korrupsiyanı tənqid edib və Rusiya ilə barışmazsa, atasının ölkəni tək qoya biləcəyini deyib.
Axar.az xəbər verir ki, bu barədə "Politiko" məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ Prezidenti Donald Trampın oğlu hökumət rəsmiləri və digər beynəlxalq oyunçuların böyük toplantısı olan Doha Forumunda çıxış edib.
Kiçik Tramp çıxışı zamanı Ukraynanın uzun müddətdir korrupsiyadan əziyyət çəkdiyini vurğulayaraq əlavə edib ki, rüşvət həm Moskvada, həm də Kiyevdə müharibəni qızışdırır.
O, Ukrayna Prezidenti Vladimir Zelenskiyə də sərt münasibət bildirib.
Bu kontekstdə “Politiko” son korrupsiya qalmaqalını və Andrey Yermakın Prezident Administrasiyasının rəhbəri vəzifəsindən istefasını xatırladır və bundan sonra Trampın oğlunun bu sözlərini sitat gətirir:
"Müharibə və bütün zamanların ən böyük marketoloqlarından biri olduğuna görə, Zelenski praktiki olaraq bir “tanrıya” çevrildi, xüsusən solçuların fikrincə, o, heç bir səhv etməyən, qüsursuz idi".
ABŞ prezidentinin Ukraynanı tək qoyub-qoymaması ilə bağlı suala kiçik Tramp belə cavab verib:
“Düşünürəm ki, o, edə bilər. Atamın yaxşı tərəfi və özünəməxsus cəhəti odur ki, onun nə edəcəyini bilmirsən. Onun gözlənilməz olması hər kəsi intellektual dürüstlüklə hərəkət etməyə məcbur edir. Biz sülh istəyirik. Biz ölümü dayandırmaq istəyirik".