Bir güllə belə atılmadı: Kartel lideri kanalizasiyada tutuldu

Meksikada “Jalisco Yeni Nəsil Karteli”nin (narkotik, qaçaqmalçılıq və digər qanunsuz fəaliyyətlə məşğul olan cinayət təşkilat) yüksək vəzifəli üzvü Audias Flores Silva (“El Jardinero”) genişmiqyaslı əməliyyat nəticəsində saxlanılıb. Aylarla davam edən izləmədən sonra keçirilən əməliyyatda 500-dən çox hərbçi və 6 helikopter iştirak edib.

Sherg.az xəbər verir ki, Silva Nayarit ştatında qaçmağa cəhd etsə də, sonda kanalizasiya borusunda gizlənərkən yaxalanıb. Əməliyyatın bir güllə belə atılmadan həyata keçirildiyi bildirilib.

ABŞ-nin da axtardığı kartel lideri üçün 5 milyon dollar mükafat təyin olunmuşdu. Onun kartelin narkotik istehsalı və ABŞ-a uzanan qaçaqmalçılıq şəbəkəsini idarə etdiyi qeyd olunur.