Hind-Sakit okeanında kritik vəziyyət: Avstraliya müdafiəsiz qala bilər

Avstraliya ABŞ-İran münaqişəsi səbəbindən raket ehtiyatlarının tükənməsindən qorxur.

Teleqraf xəbər verir ki, bu barədə Amerikanın "Politico" nəşri yazır.

Nəşrin məlumatına görə, Kanberra Vaşinqtonda istehsal olunan silahlara güvənir və onların ehtiyatları Yaxın Şərq münaqişəsi səbəbindən tükənib.

Qeyd olunub ki, Kanberranın müdafiə strategiyası əsasən ABŞ-də istehsal olunan silahlara əsaslanır. İndi isə ABŞ-nin müttəfiqləri, o cümlədən Avstraliya öz raket proqramlarını yenidən canlandırmaq məcburiyyətindədirlər, çünki Vaşinqton özünün silah ehtiyatlarını doldurmaqla məşğuldur.

"Əgər Hind-Sakit okean regionunda münaqişə alovlanarsa, Avstraliya zərbə endirmək və hədəfləri vurmaq üçün məhdud raket ehtiyatı, həmçinin onları kütləvi şəkildə istehsal edə bilməməsi səbəbindən təhlükəli vəziyyətdə qalacaq", - deyə Avstraliya müxalifətinin müdafiə sözçüsü Ceyms Paterson nəşrə bildirib.