Medvedyev Makronu Qalliya xoruzu adlandırdı

“Vaşinqton Qrenlandiyanı özünə götürmək qərarına gəlsə və sadəcə adanı "təslim etsə", Avropanın ABŞ-yə qarşı çıxmaq üçün heç bir yolu qalmayacaq”.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bu fikri X sosial şəbəkəsində bildirib.

"Qalliya xoruzu banladı ki, Danimarkanın suverenliyi pozularsa, nəticələr görünməmiş olacaq. Görəsən nə olacaq? ABŞ prezidentini qaçıracaqlar? Müttəfiqə nüvə zərbəsi endirəcəklər? Əlbəttə ki, yox. Onlar sadəcə Qrenlandiyanı təslim edəcəklər", - deyə Medvedyev Fransa prezidenti Emmanuel Makronun Avropanın ABŞ-nin mümkün təcavüzünə cavabı ilə bağlı açıqlamasına cavab olaraq yazıb.

O, həmçinin belə bir ssenarinin əla Avropa presedenti yaradacağını vurğulayıb.

Danimarkanın müdafiə naziri Troels Lund Polsen daha əvvəl bildirib ki, Danimarkanın Qrenlandiyadakı hərbi mövcudluğu artırılacaq, ABŞ-nin əraziyə hücumu isə ehtimal olunmur.